Qarabağda təbiət "qətliamı"na son qoyulmalıdır

"Yüzlərlə şəhidin qanı bahasına işğaldan azad edilmiş vətən torpaqlarına piknik yeri kimi baxmaq düzgün deyil"

  Əsrarəngiz gözəlliyə, zəngin və çox qiymətli təbii sərvətlərə malik olan Azərbaycanın təbiətinin qorunması və bu sərvətlərin düzgün istismarı ölkədə prioritet məsələlərdəndir. 30 il davam edən işğal dövründə meşə sahələrinin, flora və faunanın, təbiət abidələrinin məhv edilməsi, su resurslarının çirkləndirilməsi və təbii sərvətlərin qeyri-qanuni istismar olunması nəticəsində bu ərazilərdə ekoloji tarazlıq pozulmuşdu. Torpaqlarımızın Vətən müharibəsində azad edilməsi tarixi ədalətin bərpası ilə bərabər, həm də təbii zənginliklərimizin xilası ilə nəticələndi. Bu tarixi qələbə, eyni zamanda erməni vəhşiliyini, barbar xislətini bütün çılpaqlığı ilə dünyaya tanıtdı. İllərdir, təkcə torpaqlarımızı deyil, həm də onun yeraltı və yerüstü sərvətlərini talayaraq məhv edən ermənilər bununla Azərbaycanın təbiətinə də necə qənim kəsildiklərini sübut etdilər. İndi isə reallıq dəyişib. İşğaldan azad olunmuş ərazilərdə yeni infrastruktur layihələri ilə yanaşı, ekoloji tədbirlərin həyata keçirilməsi də geniş vüsət alıb. Meşələrin bərpası, ekosistemə dəymiş ziyanın aradan qaldırılması istiqamətində ciddi işlər görülür. Mina problemi həll olunduqca müvafiq ərazilərdə fauna növlərinin artırılması işləri daha da genişləndiriləcək.
Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə ötən illər Qarabağ və Şərqi Zəngəzur ərazisində Həkəri çayına balıq körpələri buraxılıb.
  Lakin bəzi şəxslər tərəfindən azad edilmiş torpaqların flora və faunasına qəsdən zərər verilməsi, dövlət qurumlarının Həkəri çayına tökdüyü balıqların kütləvi şəkildə məhv edilməsinə dair məlumatlar yayılıb.
Bu barədə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal sosial media hesabında xəbərdarlıq xarakterli paylaşım edib. Baş redaktor qeyd edib ki, işğaldan azad edilmiş bölgələrdə nadanların canlı təbiətə qarşı qətliamı həyata keçirilir: “İşğal dövründə artmış biomüxtəliflik, hazırda bölgədə təsərrüfatla məşğul olanlar və infrastruktur tikintisində işləyənlər tərəfindən məhv edilir. Azad olunmuş bölgədə "ov əti" menyüsü açanlara qarşı təcili tədbirlər qaçılmazdır. Azad edilmiş torpaqların flora və faunası ilə bağlı təcili qanunvericilik aktları qəbul olunmalı, qoruqlar təşkil edilməli, idarələr yaradılmalıdır. Belələrinə qanunun ən sərt üzü göstərilməlidir”.
  Bu barədə “Sherg.az"a danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə deyib ki, son 30 ildə Ermənistan işğal bölgəsində ekoloji terrola məşğul olub. Qiymətli meşə zolaqları məhv edilib:

“Çaylarımız sənaye tullantıları ilə çirkləndirilib. Transərhəd Oxçuçay artıq ölü çay hesab edilir. Ermənistanın dağ-mədən sənayesi müəssisəslərindən axıdılan çirkli sular, ağır metallarla zəngin tullantılar bu çayın flora və faunasını məhv edib. Araz çayında, Arpaçayda vəziyyət dözülməzdir. Bu çaylarda bir sıra canlı növləri artıq mövcud deyil. Qarşımızda 30 il viran qoyulmuş, ekosistemi məhv edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası planı var. 44 günlük savaşda cəmiyyət olaraq necə səfərbər olub düşmənə qalib gəldiksə, bu mərhələdə də, böyük qayıdış layihəsinin icrasında da elə mobil olmalıyıq. İşğaldan azad edilmiş bölgələrə yanaşma həssas olmalıdır. Əvvəla, yüzlərlə şəhidin qanı bahasına işğaldan azad edilmiş vətən torpaqlarına piknik yeri kimi baxmaq düzgün deyil. İkincisi, tutalım bölgəyə aidiyyəti qurumlar tam nəzarət edə bilmir deyə, hər kəs bildiyini etməlidir? Orada məskunlaşıb yaşayan, müvəqqəti işləyən insanlar canlı təbiətə qarşı duyarlı olmalıdır. Balıqların kürütökən vaxtı var. Ov mövsümündən əvvəl balıq ovlanmamalıdır. Əraziyə giriş xüsusi icazə ilədir”.
  Birlik sədrinin sözlərinə görə, meşələrə, çaylara nəzarət edən qurumlar Şərqi Zəngəzurda, Qarabağda tam gücü ilə işləyə bilmirlər. Bundan isə sui-istifadə etmək olmaz: 
“Ölkəmiz təbii sərvətlərlə zəngindir. Ancaq bu sərvətlər tükənməz deyil. Hesab edirəm ki, su hövzələrinə, meşə sahələrinə nəzarət gücləndirilməlidir. Artıq piknik mövsümü başlanıb. Meşə yanğınlarının baş verməməsi üçün ciddi nəzarət mexanizmi yaradılmalıdır. Mən bir dəfə də təkliflə çıxış etmişəm. Meşələrin salınmasını və mühafizəsini həyata keçirən ayrıca dövlət xidmətinin yaradılmasına ehtiyac var. Türkiyədə ormançılıqla 40 mindən çox insan məşğul olur. Onlar meşə üçün ayrılmış ərazilərə körpə fidanlar əkir, ağaclara qulluq göstərirlər. Sovetdənqalma metodlarla meşələri, çayları qorumaq mümkün deyil. Meşə sahələrinə kamera nəzarəti tətbiq edilməli, ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumların maddi-texniki bazası gücləndirilməlidir. Qarabağda və Şərqi Zəngəzurda xüsusi qoruqların, təbiət parklarının yaradılması gündəmdədir. Yəqin ki, ərazilər minalardan tam təmizlənəndən sonra bu işlərə başlanılacaq. Buna qədər isə maarifləndirmə tədbirlərinin artırılması lazımdır. İnsanlarımızın çoxu bilmir balıq nə zaman kürü tökür, hansı növü nə zaman ovlamaq olar. Təbiətə tükənməz bir şey kimi baxmaq doğru deyil. İnsanları maarifləndirmək lazımdır. Bunun üçün vətəndaş cəmiyyətinin, medianın üzərinə böyük vəzifə düşür. Bundan başqa, monitorinq məqsədilə xüsusi icazə ilə ekoloqların, ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin əraziyə turları təşkil edilməlidir. Bir sözlə, ərazi nəzarətsiz buraxılmamalıdır”.