Azərbaycan Ordusu Cənubi Qafqazda çəkindirici gücə çevrilib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ili tamam olur. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. Dönə-dönə vurğulandığı kimi, xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyulub. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub, ilk nazir Xosrov bəy Sultanov təyin edilib. Sonra - dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olunublar. Hərb sahəsində ilk uğur sentyabrın 15-də qazanılıb.
Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edib. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələnib, bir çox vətənpərvər hərbçilər repressiyaya məruz qalıb. Müasir milli ordunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlanıb. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Müasir Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Ümummilli lider Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. Heydər Əliyev bu sahədə bir möcüzə yaratdı. Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı. Ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı. Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu: yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz indi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan tarixində ilk dəfədir ki, Silahlı Qüvvələrimizin yaranmasının ildönümü suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpası fonunda qeyd ediləcək. Ekspertin sözlərinə görə, əvvəlki ildönümlərindən fərqli olaraq builki Silahlı Qüvvələrimizin ildönümü siyasi və hərbi hədəflərimizin tam yekunlaşması fonunda qeyd olunacaq:
"Azərbaycan Ordusu budəfəki ildönümə 44 günlük Vətən müharibəsindən və anti-terror hadisələrindən sonra ilk dəfə olaraq qalib dövlətin qalib ordusu kimi yeni bir statusla qatılacaq. Azərbaycan Silahlı Qüvvələrinin tarixini iki mərhələyə bölə bilərik. İlk mərhələ 1918-ci ildə Azərbaycan Ordusunun yaradılmasına təsadüf edir. İkinci mərhələ isə 1991-ci ildən sonra müstəqilliyini bərpa etmiş Azərbaycanın Milli Ordusunun qurulmasıdır. Müstəqillik bərpa ediləndən sonrakı ordu quruculuğu Birinci Qarabağ müharibəsinə təsadüf etdi. Almaniyanın tanınmış rəhbərlərindən Otto fon Bismark deyirdi ki, "sərkərdələr xaqların taleyidir". Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ordu quruculuğunun əsasları yaradıldı. Azərbaycan Silahlı Qüvvələrinin ilk təşkilatlanması, strukturlarının yaradılması və nizami orduya keçid baş verdi. Əslində çox keşməkeşli bir dönəmdən keçdik. Ərazilərimiz işğala məruz qaldı. 1994-cü ildə atəşkəsin əldə olunması ilə ordu quruculuğuna təkan verildi. Atəşkəs olmasaydı, müharibənin gedişatında ordunun təşkilatlanmasını həyata keçirmək çətin idi. 2003-cü ilədək ordu quruculuğu uğurla davam etdirildi. Beynəlxalq qurumlarla əməkdaşlığın başlanması, kadr potensialının yaradılması ordumuzun inkişafını təmin etdi".
E.Şıxaliyev vurğulayıb ki, həmin dövrdən sonra ordu quruculuğu estafetini sərkərdəlik kriteriyası üzərindən cənab Prezident İlham Əliyev uğurla qəbul etdi: "Ordumuz yeni strateji mərhələyə yeni vizyonla girdi. Ordumuza 4-5-ci nəsil texnologiyalarla dəstəklənən hərbi texniki parkın, avadanlıqların daxil olması baş verdi. Bu da Ordumuzun müasir standartlara cavab verməsi baxımından çox faydalı oldu. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əməkdaşlıqları, sülhməramlı missiyada iştirakı, Kosova, İraq, Əfqanıstanda əməliyyatlara qatılması beynəlxalq təcrübələr qazandırdı. 2020-ci ilədək olan mərhələdə Ordumuz dünya silahlı qüvvələri arasında 59-cu yerə kimi irəliləmişdi, 145 ölkə arasında 60 kriteriyaya görə qiymətləndirilmişdi. 44 günlük müharibənin nəticəsi Azərbaycan Ordusunun necə bir yol qət etməsinin əyani nümayişi idi. Hərbi-siyasi tapşırıqların qısa müddət ərzində tamamlanması, əməliyyatların uğurla keçirilməsi dünyanın hərbi beyin mərkəzləri tərəfindən incələnməsinə səbəb oldu. Bu da Ali Baş Komandanın strateji vizyonunun nəticəsi idi. Silahlı Qüvvələrimiz qısa müddət ərzində çağ adlamış oldu. Bütün dünya ölkələrinə nümunə ola bildi. Sərkərdəlik baxımından çox şanslı olduq. Eyni zamanda bizə dost ölkələrin, qardaş Türkiyənin, İsrail və Pakisyanın yanımızda olması, onların verdiyi siyasi-mənəvi dəstək də mühüm rol oynadı. Azərbaycan Ordusu Cənubi Qafqazda çəkindirici gücə dönüb".