"Təhlükəsizlik məsələləri gücləndirilməlidir"
Dünən Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclası keçirilib. İclasın gündəliyinə 17 məsələ daxil edilib. Parlamentin sədri Sahibə Qafarova deyib ki, 106 il öncə yaradılmış Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Spiker bildirib ki, qəhrəman Ordumuzun döyüş meydanlarında göstərdiyi hünərlər qarşıya qoyulan hədəflərə nail olmaq üçün onun ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir olduğunu göstərib: “Tarixi ədalətin öz yerini tutması, ərazi bütövlüyümüzün təmin olunması üçün canından keçmiş şəhidlərimizi biz heç zaman unutmayacağıq. Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandanı, əsgər və zabitləri təbrik edir və onlara yeni uğurlar arzulayırıq”.
"Müxalifət parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinə sevinməlidir"
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ordu ölkənin dayağıdır, ölkənin möhkəmlənməsinə, onun qorunmasına xidmət edir. Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləndən sonra başda Ali Baş Komandan olmaqla, ən böyük təbrik Ordumuza düşür. S.Novruzov təhlükəsizlik məsələsinə də toxunub: “Əsas ölkələrin təhlükəsizlik məsələsidir. Biz dini, etnik şəkildə qonşu ölkələrdə çaxnaşmaların şahidi oluruq. Bu, böyük ölkələrin oyunudur, ölkələri daxildən parçalamaq və zəiflətmək niyyəti daşıyır. İndi yeni dövr yaşanır, yeni texnologiyalar tətbiq edilir. Böyük dövlətlərdə yeni texnologiyalar tətbiq edilir və bizə ötürülür”. Komitə sədri parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi məsələsinə də toxunub, qeyd edib ki, müxalifət buna sevinməlidir: “6-cı çağırış Milli Məclis fəaliyyətə başlayandan deyirdilər ki, növbədənkənar parlament seçkiləri olmalıdır, mitinq keçirirdilər. İndi seçki ilə bağlı məsələ ortaya çıxandan tam əks mövqe nümayiş etdirirlər”.
"Dini kəbinkəsmə sözü qanunda istifadə edilməməlidir"
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə yetkinlik yaşına çatmayan şəxslər barədə dini kəbinkəsmə ilə bağlı sanksiyalar müəyyənləşir. Deputat bildirib ki, dünyəvi dövlətik, dini kəbinkəsmə sözü qanunda istifadə edilməməlidir: "Bu, qanundan kənarda şəxsi istəklə edilə bilər. Biz ümumiyyətlə, bu proseduru tanımamalıyıq. Dini kəbinkəsmə anlayışını dövlət hüquqi proses kimi tanımamalıdır. Yeganə nikah dövlətin müəyyən etdiyi qurumlarda bağlanmalıdır. Savadlı və ya savadsız mollalar tərəfindən kəbin kəsilməsi müzakirə edilməməlidir. Bu, qanundan kənar proses olmalıdır. Yoxsa biz bunun nəticələrini görəcəyik. İnsanların özünün inancı varsa, fərdi qaydada kəbin kəsə bilər. Onsuz da insanlar mövhumata inanır, fala baxdırmağa da gedir”.
Polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır
Deputat Ceyhun Məmmədov səsləndirib ki, hər kəsə məlum olduğu kimi, bu gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyətə malikdir: "Bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman ölkələrindən birinə çevrilib. Heç şübhəsiz ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır". O qeyd edib ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak edib: “Polislər Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk gündən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda şəhid veriblər. Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır. Bütün bunlarla yanaşı, hesab edirəm dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir. Eyni zamanda düşünürəm əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var”.
Deputat həmçinin qeyd edib ki, illər öncə Azərbaycanda ölüm hökmü ləğv olunub, amma proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün ölüm cəzası daha effektivdir: “Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.
İndi taktikaları da dəyişmək lazımdır
Deputat Siyavuş Novruzov bildirib ki, ölkələrin təhlükəsizlik məsələsi əsasdır. Biz dini, etnik şəkildə qonşu ölkələrdə daxili çaxnaşmaların şahidi oluruq. Bu, böyük ölkələrin oyunudur. Daxildən parçalamaq və zəiflətmək niyyəti daşıyır. Ona görə də təhlükəsizlik məsələləri gücləndirilməlidir. Belə təhdidlər açıq şəkildə göstərilir. Büdcədən təhlükəsizlik səbəbi ilə ayırdığımız vəsaitlər də tam cəlb olunmalıdır. İndi taktikaları da dəyişmək lazımdır, yeni təlimlər keçirilməli, avadanlıqlar alınmalıdır”. S.Novruzov növbədənkənar seçkilərə də toxunub: "6-cı çağırış Milli Məclis fəaliyyətə başlayandan deyirdilər ki, növbədənkənar parlament seçkiləri olmalıdır, mitinq keçirirdilər. İndi seçki ilə bağlı məsələ ortaya çıxandan tam əks mövqe nümayiş etdirirlər”.