Sahibkarlar Xankəndidə!

Azad edilmiş ərazilərimizdə biznes imkanlarına həsr olunan tədbirin iştirakçıları Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə Qarabağda keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə iştirak çərçivəsində Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq olub.

Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarının nümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür.

Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.