Vençur bazarı inkişaf etdirilməlidir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Ekspert deyib ki, Azərbaycanda bu sahənin regionda ən aşağı yerlərdə olması ciddi narahatlıq doğuran məsələdir


  “Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər. Biz olduqca cəlbedici investisiya layihələri təqdim edə bilərik. Daha çox investisiya və ideya cəlb etməliyik”.  Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov dünən keçirilən "Baku ID" (Baku İnvestment Day) festivalında deyib.
  M.Cabbarovun sözlərinə görə,  Rəqəmsal Transformasiya Mərkəzi startaplara inkişaf üçün platforma təklif edir: “Bilik iqtisadiyyatının rolu kontekstlə əlaqəlidir.
  "Bəşəriyyət tarixində heç vaxt biliklər bu cür əhəmiyyət daşımayıb və millətin tərəqqisi ilə birbaşa əlaqəyə malik olmayıb. Bunu qəbul etməklə bilik iqtisadiyyatının nə qədər önəmli olduğunu, həmçinin onun ətrafındakı ekosistemi inkişaf etdirmək və dəstəkləməyin nə qədər vacib olduğunu anlayacağıq".
  Nazir bu yaxında startaplar və novatorlar üçün bir sıra stimulları nəzərdə tutan qanunvericiliyin qəbul olunduğunu xatırladıb.
"Hələ yolun başlanğıcındayıq. Biz sıfırdan başlamırıq. Ötən il bu, Bakıda artıq müzakirə olunub. İnnovasiya siyasəti və görüşünü daha aydın yazmaq lazımdır və bunun üçün keyfiyyətli töhfə lazımdır. Bu sessiya başlamazdan əvvəl bizim artıq müzakirəmiz olub və həmkarımız, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini startaplarımızın bir sıra sahələrdə qanunvericilikdəki natamamlıqlar ucbatından üzləşdikləri problemlərdən xəbər verib. Bu, fəaliyyətimizin ikinci istiqamətidir: maliyyə vəsaitinə çıxış imkanı və vençur kapitalı üçün cəlbedicilik də daxil olmaqla, ekosistemin mövcudluğunu təmin etmək”.
  Nazir Rəqəmsal Texnologiyaların Transformasiya Mərkəzinin işə salındığını vurğulayıb: "Rəqəmsal texnologiyanın transformasiyası mərkəzini işə saldıq və müvafiq binalar ayırdıq. İdeya startaplara lazım olan hər şeyi bir yerdən əldə edə biləcəkləri platforma təqdim etməkdir. Birgə investisiyaya da hazırıq. İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında başlanğıc maliyyələşdirilməsini təmin etməkdən məmnunuq. Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığa Yardım Fondu da bu prosesdə iştirak edir".
  Nazir həmçinin qeyd edib ki, Azərbaycanda insan kapitalı, istedad, ekosistem, eləcə də cəmiyyətin, özəl sektorun, hökumətin və startapların sadiqliyini nəzərə almaqla, iqtisadiyyatın bu hissəsini qurmaq mümkündür və bu, təkcə Azərbaycan çərçivələri ilə məhdudlaşmayacaq.
SABAH.HUB İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı isə çıxışında deyib ki, Azərbaycanda startap və vençur şirkətlərinin ekosisteminin inkişafı üçün bütün lazımi komponentlər uğurla yaradılıb:
“Son 2 il ərzində Mərkəzin startapları yerli və regional investorlardan 4 milyon ABŞ dollarından çox vəsait cəlb edib”. Onun sözlərinə görə, yaxın iki gündə bu məbləğ ən azı daha 2 milyon ABŞ dolları artacaq: “Bu, yaxşı başlanğıcdır. Lakin yolumuzun yalnız başlanğıcıdır. Mən 25 milyon ABŞ dolları dəyərində öz vençur fondumuzun yaradılmasını elan etməkdən qürur duyuram”.
  R.Bayramlı qeyd edib ki, SABAH fondu startap maliyyələşdirməni yeni səviyyəyə qaldıracaq: “Bununla qlobal səviyyədə böyük ambisiyaları olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarındakı şirkətlərə investisiyaların yatırılmasına diqqət yetiriləcək”.
  Qeyd edək ki, startap əvvəllər bazarda olmayan, tələb olunan və ya sonradan tələb yaradan xidmətlər göstərməyə və ya məhsul istehsal etməyə başlayan bir sahibkarlıq növü, şirkət və ya layihədir. Startap anlayışı XX əsrin əvvəllərində və əsasən, IT (İnformasiya Texnologiyaları) sahəsində meydana gəlmişdir. Lakin hazırda startaplar təkcə IT yox, demək olar, hər bir biznes sahəsində yaradılıb və ya yaradılmaqdadır. Məşhur startaplara misal olaraq, HP, Facebook, Youtube, Whatsapp Coursera, Quora, Uber və s. göstərə bilərik.
  Startapların yaradılmasına və inkişafına dünyanın əksər dövlətləri, beynəlxalq qurum və təşkilatlar dəstək göstərir. Səbəblər isə ondan ibarətdir ki, startaplar ilk növbədə iqtisadiyyatın inkişafına və böyüməsinə şərait yaradır, cəmiyyətin hansısa xidmət və ya məhsul üzrə tələbatını ödəyir, iş imkanları yaradır, uğurlu olduqda ideya rəhbərlərinə və startapa dəstək olan investorlara gəlir gətirir.
  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda vençur bazarının regionda ən aşağı yerlərdə olması ciddi narahatlıq doğuran bir məsələyə çevrilib: 
“İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün (dünən-red) keçirilən “Baku ID” festivalında startapların  və ya tənzimləyicilərin üzləşdiyi problemlər haqqında danışdı və bunların qanunvericilikdəki boşluqlardan irəli gəldiyini bildirib. 
  Həmin tədbirdə nazir  vençur kapitalın cəlbi ilə bağlı işlərin görülməsinin zəruriliyini də qeyd edib. SABAH.HUB isə qarşıdakı dövrdə 25 milyonluq vençur fond formalaşdıracaqlarını  bildirib. Reallaşdıra bilsələr, ekosistemə  ciddi dəstək olardı . Ona görə "reallaşdıra bilsələr" qeyd edirəm ki, “Caucasus Ventures” fondu böhranlı vəziyyətdədir. Cənab nazirin tədbirdə qeyd etdiyi kimi, "qanunvericilikdəki boşluqlar" səbəbindən Mərkəzi Bank yeganə vençur fondumuzun bank hesablarını bloklayıb. Ümid edirəm ekosistemin inkişafına cavabdeh olan RİNN, İN və ASAN bir məxrəcə gəlib vençur maliyyələşmə ilə bağlı cəmi 7 bəndlik qanunun  qəbuluna nail ola biləcəklər”.
  Ötən günlərdə  regionda startapların maliyyələşmə vəziyyəti, vençur bazarın həcmi  haqqında qısa bir araşdırma etdiyini xatırladan O.Gündüz deyib ki,  xüsusən də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,  Ermənistan və Gürcüstanın vençur bazarlarını araşdırıb: “Maraqlı məqam odur ki, keçmiş sovetlər birliyinə daxil olan ölkələr içərisində startapların vençur maliyyələşməsi sahəsində ən öndə gedəni, hazırda müharibə vəziyyətində olan Ukraynadır. Müharibədən öncə bu ölkədə vençur bazarın həcmi 800 milyon dollara çatmışdı. Sonra ciddi çöküş oldu.  Amma yenə də startap ekosistemə dəstəyin ən yüksək olduğu ölkə Ukraynadır. 2022-ci ildə bu ölkənin startapları 212 milyon dollar invesitisya almışdılar.
  Hesabatlara baxıram ki, təkcə bu ilin birinci kvartalında Ukrayna startapları  45 milyon dollar inestisiya alıblar. Əsasən xarici investisiyadır.  Yerli vençur fondlarının sayı 15-dən çoxdur. Beləliklə, startaplara dəstək və vençur maliyyələşmənin ən yüksək səviyyədə olduğu yaxın ölkələr Ukrayna, Qazaxıstan və Ermənistandır. Vençur bazarın ən zəif inkişaf etdiyi ölkələr isə Qırğızıstan, Tacikistan və Azərbaycandır. Vençur maliyyələşmə ilə bağlı cəmi 7 bəndlik qanunu da hələlik bizdə qəbul etmək mümkün olmayıb. Bir daha xatırladıram ki, bizim RİNN və digər qurumların min əziyyətlə, hətta müvafiq qanunvericiliyin olmadığı bir şəraitdə  yaratdığı bir vençur fondumuz var(dı). Ötən il bu fond təxminən 10 startapa cəmi  1 milyon dollar investisiya yatırıb. Onun da 3, yaxud 4-ü yerli startapdır. Hazırda isə hansısa səbəblərdən bu vençur fondumuz investisiya yatırımı edə bilmir, çünki müvafiq bank hesabları Mərkəzi Bank tərəfindən qapadılıb”.