AŞPA-nın növbəti qərəzli münasibəti, heç şübhəsiz, Azərbaycanın qazandığı tarixi Zəfərdən qaynaqlanır
Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə anti-Azərbaycan bəyanatla çıxış edərək qərəzli mövqeyini ortaya qoyub. AŞPA terrorçuluqda, insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunan şəxslərin "dərhal azad olunması" çağırışı ilə çıxış edib. Heç bir səbəb və arqument göstərmədən Bakıda həbsxanada məhkəmə qərarlarının icrasını gözləyən erməni separatçı və terrorçuların buraxılmasını zəruri sayıb. AŞPA ilə eyni gündə ABŞ Konqresinin 48 üzvü də dövlət katibi Antoni Blinkeni işğaldan azad edilən torpaqlarda “erməni milli irsini" Azərbaycandan qorumağa çağırıb. İddia ediblər ki, guya 500 mədəni irs abidəsi Azərbaycan tərəfindən məhv edilmə təhlükəsi ilə üz-üzə qalıb. Bu təşəbbüslərin birbaşa erməni lobbisindən qaynaqlandığı bəllidir. Məhz onların təqdim etdikləri “rəqəmlər”dən istifadə edərək belə iddialar ortaya atılır. Bu qüvvələr hər vəchlə Ermənistanla Azərbaycan arasında sülh prosesinin qarşısını almağa çalışırlar. Son günlər İrəvan rəsmiləri sülhə gedən yolda heç bir problem olmadığını bəyan edirlər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır. Belə bəyanatların səsləndiyi bir vaxtda 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn Avropa Şurası Parlament Assambleyası, eləcə də konqresmenlər, görünür, yenə də öz ənənəvi amplularından çıxa bilmirlər. Terrorçuların azad olunmasını Ermənistan belə diqqətə almadığı halda, Qərb strukturlarının onlarla bağlı bəyanat və açıqlamalarla çıxış etmələri absurd yanaşmadır. Ermənistanın özündə belə separatçı liderlərin həbsi prosesi aparılır. ABŞ konqresmenləri həyasızcasına iddia edirlər ki, guya işğaldan azad edilən ərazilərdə "ermənilərə məxsus abidələr" məhv olmaq üzrədir. Heç bir fakt göstərilmədən belə iddia ilə çıxış edilməsi isə qərəzin növbəti təzahürüdür. Halbuki Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandallar tərəfindən dağıdılıb. İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın maddi-mədəni irsimizi məhv etməsi təkcə Azərbaycana qarşı deyil, həm də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik və vandalizm aktıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəyib. Ermənilər işğal etdiyi ərazilərdə 30 illik işğal dövründə bu qiymətli sərvətləri amansızcasına dağıdıb, Ermənistana daşıyıb, daşınması mümkün olmayanları isə məhv etməklə ekologiyaya ciddi ziyan vurub. Ermənistan tərəfindən abidələrimizə qarşı həyata keçirilən bu siyasət UNESCO-nun "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 1972-ci il Konvensiyası"na ziddir. İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik. Erməni işğalçıları Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. Ən vəhşi mənzərə Zəngilanda, Cəbrayılda, Füzulidə və Ağdamda məscidlərimizin, qəbiristanlıqlarımızın darmadığın edilməsidir. Ağdam Dram Teatrının fasadı və içində donuzların saxlanıldığı iki məsciddən başqa şəhərdə heç nə qalmayıb. Məscidləri təhqir ediblər, qəbiristanlıqda məzar daşlarını dağıdıblar, bir çoxunu isə qazaraq sümüklərini çıxarıblar. Əsası 8-ci əsrdə qoyulan “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhəri indi ruhlar şəhərini xatırladır. Zəngilanın çox zəngin təbiəti, nadir meşələri var idi. Düşmən bütün ağacları qıraraq məhv edib. Bütün dünya bu mənzərəni duymalı və görməlidir. Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilərin bu vandallığı xalqımızın mədəni-tarixi irisnə qarşı soyqırımıdır. Azərbaycan Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. Amma Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Dövlət tərəfindən mütəmadi olaraq diplomatik korpusların nümayəndələrinin, xarici KİV-lərin təmsilçilərinin, müxtəlif sahələr üzrə dünyada tanınmış mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunur. Təbii ki, onlar bu səfərlər zamanı erməni vandalizminin canlı şahidi olaraq bu cinayətləri öz ölkələrinin ictimaiyyətinə çatdırırlar. Bu da Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunmasında vacib amildir.
Politoloq Azər Niftiyev "Sherg.az"a bildirib ki, AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli münasibəti, heç şübhəsiz, Azərbaycanın qazandığı tarixi Zəfərdən qaynaqlanır. Ekspertin sözlərinə görə, hər birimizə məlumdur ki, 44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatı zamanı Azərbaycanın böyük qələbəyə imza atması və 30 illik işğala son qoyması münaqişəni süni şəkildə uzatmağa çalışan Minsk qrupunu və Ermənistana dəstək göstərənləri məyus etdi:
"Zəfərdən və antiterror əməliyyatından sonrakı proseslər, xüsusən Rusiya sülhməramlılarının torpaqlarımızı tərk etməsi, Moskva-Bakı razılaşmaları Qərb dairələrini ciddi surətdə qıcıqlandırır. Artıq birqütblü dünya yoxdur. Bunun fərqində olan Qərb - ABŞ və Avropa özlərinə rəqib gördükləri güclərə qarşı hücumlara başlayıblar. Rusiya-Ukrayna müharibəsi fonunda Moskvaya qarşı yeni cəbhə açmağa, Cənubi Qafqazı, Ermənistanı da buna daxil etməyə çalışırlar. İrəvan hökumətinin etibarını qazanmaq üçün Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyasına start verirlər. Ölkəmizə qarşı əsassız, absurd qətnamələr qəbul edirlər. Düşünürəm ki, AŞPA-nın qətnamələri də BMT-nin qətnamələri kimi kağız üzərində qalacaq və heç bir mahiyyət kəsb etməyəcək. Bu gün Ermənistanı, erməniləri müdafiə edən Qərb strukturları 30 il ərzində azərbaycanlılara qarşı edilən dəhşətli vəhşilikləri, 30 illik işğalı, ağlasığmaz barbarlıq və vəhşiliyi hələ də görməzdən gəlirlər. Onlar Xocalı soyqırımını görmək istəmirlər. İşğaldan azad etdiyimiz ərazilərdə indiyədək göz önündə olan erməni vəhşiliyinin izlərinə göz yumurlar. Erməni vandallığına hüquqi qiymət verilmədən Azərbaycanı nədəsə ittiham etmək absurddur".