Həmin dövrdə də bu peşə sahibləri xalqımızın dərin rəğbətini qazanıb
Bugün Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü və peşə bayramını qeyd edir. Azərbaycan polisi 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin müdafiəsində mühüm rol oynayıb. Daha sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edərək, qanunçuluğun və ictimai asayişin qorunmasında cinayətkarlıqla mübarizədə zəngin təcrübə qazanıb. Tarixə nəzər salsaq görərik ki, dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşması Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-1980-ci illər Daxili İşlər orqanlarının tarixində əsaslı dönüş mərhələsi olub. Həmin dövr polisin təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, şəxsi heyətin milli ruhda formalaşması ilə əlamətdardır. Bu istiqamətdə atılan addımların nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda düşmənin qarşısına çıxan ilk nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. İşğalçılarla döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görüldü. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra polisin fəaliyyətində də yeni inkişaf dövrü başladı. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin “Azərbaycan polisi günü” elan edilməsi onun daxili işlər orqanlarına verdiyi dəyərin daha bir parlaq təzahürü oldu. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olunub. Müzəffər Ali Baş Komandanın xüsusi diqqət və qayğısının nəticəsi olaraq hazırda Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin yüksək döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə əməkdaşlığın rolunu da xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, nazirliyin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizatı yüksək səviyyəyə çatdırılıb. Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə imkan yaradır. Daxili işlər orqanları hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.
Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları əməkdaşlarının və hərbi qulluqçularının da müstəsna xidmətləri olub. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Bu müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Ümumiyyətlə istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində daxili qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər. Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların ötən il sentyabrın 19-da partlaması nəticəsində daha 6 nəfər, o cümlədən polis əməkdaşlarımız həlak olub. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar. Ölkəmizdə sabitliyin, ictimai asayişin keşiyində qətiyyətlə dayanan Azərbaycan polisi cinayətkarlıqla mübarizədə də öz fədakarlığı ilə seçilir. Statistika göstərir ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra MDB və aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir.
Millət vəkili Fəzail Ağamalı "Sherg.az"a deyib ki, Daxili İşlər Nazirliyində davamlı xarakter daşıyan yeniliklər, dəyişikliklər və islahatlar qurumun fəaliyyətini zamanın tələblərinə və çağrışlarına uyğun şəkildə qurulmasını təmin edib:
"Bu baxımdan dövlətçiliyimizə ciddi töhfələr verməkdə davam edən Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun yüksək peşəkar fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dönəmində ərazi bütövlüyümüzün qorunması uğrunda böyük qəhrəmanlıqlar göstərən polisimiz uca zirvələrə yüksəlib. Azərbaycan Polisi çətin pandemiya dövründə də üzərinə düşən vəzifəni yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirib, xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində və 23 saatlıq anti-terror əməliyyatında bütün silahlı qüvvələrimizlə bərabər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Xüsusi Təyinatlılarının igidliyi tariximizə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olundu. Polislərimiz erməni işğalından və separatçı-xunta rejimindən azad edilmiş tarixi torpaqlarımızda təhlükəsizliyin qorunmasında öz missiyasını bu gün də böyük fədakərlıqla həyata keçirməkdədilər. Bir daha peşə bayramınız mübarək!".
Millət vəkili İltizam Yusifov da bildirib ki, Azərbaycana qarşı hərbi təcavüz başlayanda düşmənin qarşısına çıxan ilk nizami qüvvə milis dəstələri və Daxili Qoşunların şəxsi heyəti idi:
"Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin “Azərbaycan polisi günü” elan edilməsi onun daxili işlər orqanlarına verdiyi dəyərin təsdiqi idi. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Daxili Qoşunların döyüş hazırlığının yüksəldildi, müasir silah və texnikalar alındı, şəxsi heyətin sosial müdafiəsi gücləndirildi. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə polis orqanları əməkdaşlarının və hərbi qulluqçularının böyük xidmətləri olub. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq tarixi yazdılar. Vətən Müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların ötən il sentyabrın 19-da partlaması nəticəsində daha 6 nəfər, o cümlədən polis əməkdaşlarımız həlak olub. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində polis əməkdaşları yüksək peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edildi. Bu gün ölkəmizin bütün ərazilərində olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün 24 saat xidmət aparırlar. Müzəffər Ali Baş Komandanın istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan Azərbaycan polisi ölkəmizdə sabitliyin, ictimai asayişin keşiyində qətiyyətlə dayanır. Azərbaycan polisi peşəkarlığına görə təkcə regionun deyil, bir sıra MDB və aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarından öndədir. Polislərimizin sayəsəində Azərbaycan və onun paytaxtı Bakı dünyanın ən təhlükəsiz məskəni hesab olunur".