Azərbaycana diqqət və hörmət böyükdür

Şanxay Əməkdaşlıq Təşkilatı böyük və mötəbər bir qurumdur, sadə bir təşkilat deyil

  Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təşkilata üzv ölkələrin liderləri 25 sənəd imzalayıblar. İmzalanan sənədlər arasında gələcək əməkdaşlıq imkanları, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə birgə əməkdaşlıq, narkotiklərlə mübarizə strategiyası və digər məsələlərlə bağlı fəaliyyət proqramları var. Bundan başqa, 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyası da imzalanıb. Qeyd edək ki, “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Nüfuzlu təşkilatın Zirvə görüşündə Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı Çin, Rusiya, Qazaxıstan, Türkiyə, Pakistan rəhbərləri ilə görüşlər keçirib. Xüsusi vurğulanmalıdır ki, dövlət başçısının Qazaxıstanda xüsusi qarşılanması və keçirilən görüşlər Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və ona göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.
  Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın bu cür mötəbər tədbirlərdə xüsusi dəvətlə iştirak etməsi böyük önəm daşıyır. Deputat vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir, güclənir və ölkəmizə dünyada etibar artır:

"Şübhəsiz ki, Azərbaycanın nüfuzunun artmasında əsas rolu Prezident İlham Əliyev oynayır. Onun rəhbərliyi ilə Azərbaycan bütün bu uğurlara imza atır. Şanxay Əməkdaşlıq Təşkilatı böyük və mötəbər bir qurumdur, sadə bir təşkilat deyil. ŞƏT çərçivəsində Rusiya, Çin, Türkiyə, Qazaxıstan, Pakistan kimi güclü dövlətlər əməkdaşlıq edirlər. Azərbaycanın bu sammitə xüsusi dəvət alması, dövlət başçısının orada keçirdiyi önəmli görüşlər, imzalanan sazişlər olduqca əhəmiyyətlidir. Bu həm də, dövlət başçısı cənab İlham Əliyevin nüfuzunun göstəricisidir. Azərbaycan bütün beynəlxalq platformalarda bir çox ölkələrlə sıx əməkdaşlıq edir. Dünya dövlətləri də Azərbaycanla əməkdaşlığa can atırlar. Belə tədbirlər ölkəmizin nüfuzunun daha da artması və ŞƏT üzvləri ilə əməkdaşlığın genişlənməsi baxımından ciddi önəm kəsb edir. Azərbaycanın nüfuzunun artması isə dövlətimizin güclənməsi, möhkəmlənməsi, daha da inkişaf etməsi anlamına gəlir. Bir daha qeyd edirəm ki, hazırda dünya miqyasında Azərbaycana diqqət və hörmət böyükdür".