“Ötən seçki təcrübələri və eyni komandanın seçkini təşkil etməsi seçkilərin azad, demokratik keçirilməsinə ümid vermir”
İyulun 1-dən 1 sentyabr növbədənkənar parlament seçkilərinə rəsmən başlanılıb. Günlərdir ictimaiyyətdə, xüsusən siyasi partiyalar cameəsində yeni parlament seçkilərinin həyəcanı yaşanır. Aktivlik partiyaların gündəlik fəaliyyətində daha çox hiss olunur. Çünki seçkilər partiyalar üçün bir sınaq, həm də bir uğur göstəricisidir. İlkin mərhələdə partiyalar öz səlahiyyətli nümayəndələrinin sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Sonrakı mərhələdə isə namizədlərin və dairələrin müəyyənləşməsi prosesinə start verilir. İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb. Növbədənkənar parlament seçkisinə ciddi hazırlıq görən siyasi təşkilatlardan biri də Azərbaycan Demokrat Partiyasıdır. Seçki ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran ADP sədrinin müavini Həsrət Rüstəmov hazırlıq prosesinin sürətləndiyini deyib. Partiya təmsilçisi səlahiyyətli nümayəndələrin adlarının və ilkin namizəd siyahısının müəyyənləşdiyini vurğulayıb. Məlumat üçün bildirək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
- Həsrət bəy, ADP-də seçki hazırlığı hansı səviyyədədir? Namizədlərin müəyyənləşməsi prosesinə başlanılıbmı?
- Partiya Ali Məclisinin toplantısı keçirildi və seçkilərdə iştirakla bağlı qərar verildi. Mərkəzi Seçki Komissiyasında partiyanın səlahiyyətli nümayəndələri müəyyən edildi. Partiyanın ayrı-ayrı dairələrdən namizədlərin müəyyənləşməsinə start verilib. Partiyanın namizədlərinin müəyyən edilməsi prosesi bir müddət davam edəcək. Artıq dairəsini müəyyən etmiş, namizəd olmaqda tərəddüdü olmayan ADP üzvlərinin namizədliyi təsdiq edilib. Sonrakı müddətdə namizəd olmağa qərar verən şəxslərin sənədlərinin operativ hazırlanması üçün səlahiyyət Ali Məclisin rəyasət heyətinə verilib.
- Partiya sədri Sərdar Cəlaloğlu namizədliyini verəcəkmi?
- Sərdar Cəlaloğlu namizəd olacaq. Dünənki iclasda bu barədə qərar verilib. Qərara alındı ki, Sərdar bəyin namizədliyi bu dəfə Naxçıvandan irəli sürülsün.
- Partiya təmsilçisi kimi yeni parlamentdən gözləntiləriniz nədir? Yeni parlament necə, kimlərdən formalaşmalıdır?
- Milli Məclisi xoşagələn şüarlarla deyil, xalqın seçimi ilə formalaşdırmaq lazımdır. Əslində, seçkilər azad, demokratik keçirilərsə, meydana çıxan parlament yeni çağırış və tələblərə cavab verən parlament olacaq. Yeganə düzgün yol budur. Amma ötən seçki təcrübələri və eyni komandanın seçkini təşkil etməsi buna ümid vermir. Seçkilərin siyasi yarışmaya, parlamentin isə siyasi ideyalar meydanına çevrilməsi üçün ilk növbədə azad və ədalətli seçki keçirmək lazımdır.
- Parlamentdə "qocalar getsin, gənclər gəlsin" tələbinə münasibətiniz necədir?
- Yaş məsələsi siyasətdə ən subyektiv məsələdir. Elə yaşlı var ki, bir çox cavandan daha müasir düşünür. Eyni zamanda yaşı ilə bağlı zəngin həyat təcrübəsi var. Elə gənc də var ki, yaşlıdan çox konformist, itaətçi və ya sui-istifadəçidir. Ona görə də xalqımız deputat seçərkən namizədin yaşını deyil, siyasi mövqeyini, şəxsiyyətini, intellektini və indiyədək xalqın və dövlətin həyatındakı mübarizəsini nəzərə almalıdır.
- Seçki sisteminin dəyişdirilməsi ilə bağlı təklifləri necə dəyərləndirirsiniz? ADP-nin bu məsələdə mövqeyi necədir?
- Partiyanın mövqeyi ondan ibarətdir ki, parlament islahatları keçirilməlidir, proporsional seçki sistemi tətbiq olunmalıdır. Parlament siyasi partiyaların mövqe yarışması meydanına çevrilməlidir. Bu, xalqın və dövlətin xeyrinədir. Seçki sistemimizdə çoxlu qüsurlar var. Əslində, bu sual əhatəli və uzun cavab tələb edir. Qısaca yalnız onu deyə bilərəm ki, rəqabətli, azad və demokratik seçkini təşkil etmək üçün seçki komissiyalarında ayrı-ayrı siyasi qrupların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı təmin edilməlidir. Seçki saxtakarlığı ilə bağlı sərt cəzalar müəyyən edilməli və tətbiq olunmalıdır.