“Bu onu deməyə şərait yaradır ki, artıq Azərbaycan regional siyasətindən kənara çıxan strategiyanı həyata keçirir”
Çinin və Azərbaycanın dövlət başçılarının Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulması haqqında Birgə Bəyannaməsi iki ölkənin münasibətlərinin inkişafı tarixində mühüm mərhələdir. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin deyib. Çin XİN-in rəsmisi bildirib ki, hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərini qarşılıqlı siyasi dəstəyin daha da gücləndirilməsi, əsas xətt kimi “Bir kəmər, bir yol”un keyfiyyətli tikintisi daxil olmaqla, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq məsələlərdə səmərəli əlaqələndirmənin həyata keçirilməsi, hər iki xalqın mənfəəti naminə Çin-Azərbaycan strateji tərəfdaşlığının sağlam və sabit inkişafı üçün başlanğıc nöqtəsi kimi qəbul edəcək. Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu diqqətə çatdıran Mao Nin bildirib ki, ÇXR Lideri Si Cinpinin də dediyi kimi, Çin-Azərbaycan münasibətləri 30 ildən çoxdur uğurla və davamlı inkişaf edir, iki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. XİN-in rəsmisi vurğulayıb ki, xüsusilə son illər Sədr Si Cinpin Prezident Əliyevlə sıx əlaqə saxlayıb və Çin-Azərbaycan münasibətlərinə strateji əhəmiyyət verib. Hər iki tərəf suverenlik və ərazi bütövlüyü kimi ölkələrin əsas maraqlarına dair məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İkitərəfli ticarətin həcmi təxminən bir milyon ABŞ dolları səviyyəsindən yüksələrək bir milyard dolları ötüb. İki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), BMT çərçivəsində sıx əlaqələrə və əməkdaşlığa malikdir. Bu xüsusda Çin-Azərbaycan münasibətlərinin keyfiyyətcə yaxşılaşması təbii haldır.
Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. Xatırlatmaq lazımdır ki, 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib, 15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib. Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı Azərbaycan-Çin münasibətləri baxımından xüsusi əlamətdar oldu. Belə ki, sammit çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə yadda qaldı. Dövlət başçılarının görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi şübhəsizdir. Tərəflər arasında iqtisadi münasibətlər ildən-ilə inkişaf edir. Qeyd etmək lazımdır ki, Çin Azərbaycanın ilk idxal mənbəyidir və Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. Belə ki, 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Çin şirkətlərinin Azərbaycana olan marağının artım tendensiyası var. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Çindən Azərbaycana 930,8 mln. dollar, Azərbaycandan Çinə 263,3 mln. dollar həcmində investisiya qoyulub.
Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsünü” ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub və Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir. Bundan başqa, Çin ilə enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır. Siyasi mövzularda Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma var. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Çin geosiyasi dağınıqlar arasında yeni dünya nizamını həyata keçirən qüdrətli dövlətdir. Ekspertin sözlərinə görə, Azərbaycanla Çinin “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul etməsi rəsmi Bakı ilə Pekinin yeni dünya nizamında qarşılıqlı maraqlarını inkişaf etdirməyi, iqtisadi əməkdaşlıqları dərinləşdirməyi, təhlükəsizlik mühitinə ikitərəfli vahid yanaşmaları əks etdirir:
"Azərbaycanın “Vahid Çin” siyasətinə və Tayvanın hər hansı müstəqilliyinin yolverilməzliyinə dair sənəddə göstərdiyi mövqe və Pekinin Azərbaycanın Ermənistanla formalaşdırdığı sülh gündəliyinə dəstəyi müştərək prioritetləri qabağa aparacaq. Bu onu deməyə şərait yaradır ki, artıq Azərbaycan regional siyasətindən kənara çıxan strategiyanı həyata keçirir. Bu, Çinin Asiyadakı maraq və gündəliyinə dəstəyi ifadə edən prioritetlər şəklində üzə çıxa bilər. Çin isə Cənubi Qafqazda iqtisadi genişlənmə ilə yanaşı geosiyasi məsələlərdə rol alır və bu strategiyasını Azərbaycan üzərindən qurur. Proqnozlaşdırmaq olar ki, Çinin bölgədəki iqtisadi portfeli ilə yanaşı diplomatik-siyasi təsirləri genişlənəcək. Çin ölkələrin digər ölkələrin daxili siyasətinə qarışmaqdan çəkindiyi çoxqütblü dünya nizamını hədəfləyir. Bu, Azərbaycanın maraqlarına cavab verən yanaşmadır və nəzərə almaq mütləqdir ki, daxili işlərə qarışmamaq barədə Bəyannamədə də əks olunub. Çin əmindir ki, ABŞ üzərinə götürdüyü hərbi, diplomatik və mənəvi məsuliyətlərin öhdəsindən gələ bilmək potensiallarından məhrum olur. Üstəlik, Rusiya-Ukrayna müharibəsi ilə Rusiyanın da mövqelərində böyük zəifləmələrin müşahidə olunacağını istisna etmir. Çin həmin prizmalardan yanaşaraq başqa beynəlxalq aktorların Cənubi Qafqazdakı hegemonluq iddiaları önündə alternativlər yaratmağı hədəfləyə bilər. Pekinin belə gündəliyi Azərbaycana Ermənistanla sülh müqaviləsi layihəsini yekunlaşdırmaq və təhlükəsizlik arxitekturasını formalaşdırmaqda Çinin dəstəyini artıracaq".