Azərbaycan həqiqətlərini təbliğ edən yeni nəsil yetişir

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Erməni diasporuna və onların havadarlarına qalib gələcəyik

Ölkəmizi ən yüksək səviyyədə təmsil edə biləcək Azərbaycanəsilli insanların sayı daha da artacaq

  Diasporumuzun təşkilatlanmasının, siyasi-ideoloji birliyinin yaranmasının hərəkətverici qüvvəsi Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub. Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində belə bir dövlət qurumunun yaradılması diasporun tarixində yeni mərhələnin əsasını qoyub, xaricdə yaşayan soydaşlarımızın potensialının ölkəmizin ümumi maraqlarının müdafiəsi naminə birləşdirilməsində əvəzsiz rol oynayıb. O vaxtdan bu günə qədər diasporumuz milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. Milli məsələlərdə həmrəylik nümayiş etdirmək üçün müəyyən yol keçib, fəaliyyət istiqamətlərini, prioritetlərini və hədəflərini dəqiqləşdirib. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış 2018-2023-cü illər üçün Strateji Yol Xəritəsində başlıca məqsəd Azərbaycan diasporunun birliyinə nail olunması, ümumi maraqların üstün tutulması və sistemli işin təşkil edilməsi olub. Həmin təməl prinsiplərə söykənərək vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılıb. Bu iş istər pandemiya, istərsə də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirilib. Ümumiyyətlə, diasporun fəallaşması və təşkilatlanmasının pik nöqtəsi bizim Qarabağda qazandığımız böyük Zəfər zamanı müşahidə olundu. Xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi üçün ən effektiv işlərdən biri son illər yaradılan Koordinasiya Şuralarıdır. Digəri isə xaricdə Azərbaycan evlərinin istifadəyə verilməsidir. Müxtəlif diaspor təşkilatlarının fəaliyyətini mərkəzləşdirən 15 Koordinasiya Şurası və 14 ölkədə fəaliyyət göstərən 20 Azərbaycan Evi xaricdə Azərbaycan həqiqətlərinin təbliğində, azərbaycanlıların milli kimliyinin qorunmasında əvəzsiz rola malikdir. Azərbaycan evləri və onların nəzdindəki həftəsonu məktəbləri milli dəyərlərimizi, tariximizi, dilimizi təbliğ edən, yerli sakinlər üçün də hər zaman qapıları açıq olan sosial-mədəni məkan rolunu oynayır. Azərbaycan evləri soydaşlarımızın təşkilatlanması üçün yaxşı fürsət yaradır və onların gələcəkdə beyin mərkəzlərinə çevrilməsindən ötrü bütün imkanlardan istifadə olunur, çevik mexanizmlər üzərində işlənilir.
  Diasporla İş üzrə Dövlət Komitəsi bu gün də mühüm fəaliyyətini davam etdirməkdədir. Məlum olduğu kimi Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Prezident Aparatının şöbə müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə V Yay Düşərgəsi avqustun 7-dək davam edəcək. Düşərgədə 60 ölkədən gələn 115 gənc, o cümlədən azərbaycanlılar və ölkəmizə dost münasibət bəsləyən digər xalqların nümayəndələri iştirak edirlər. Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq imkanı qazanacaqlar. Bununla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, Həkəri Balıq Təsərrüfatına, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşaya və Qarabağın bir sıra digər şəhərlərinə səfərlərinin təşkili nəzərdə tutulur. Düşərgənin açılışında Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixindən və diasporumuzun Ana Vətənlə əlaqələrinin möhkəm olmasından bəhs edən videoçarx nümayiş olunub. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçındakı inkişafla bağlı ümumi məlumat verib, Diaspor Gənclərinin V Yay Düşərgəsinin Laçında keçirilməsini yüksək qiymətləndirib. 60 ölkədən gələn gənclər üçün belə təntənəli bir tədbirin Laçında keçirilməsinin böyük fəxr olduğunu söyləyib. İştirakçıları salamlayan komitə sədri belə möhtəşəm tədbirin məhz Azərbaycanın gözəl guşələrindən biri Laçında keçirilməsinin önəmindən, torpaqlarımızın işğaldan azad olunmasında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaətindən, sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı məsələlərin həllində gənclərin rolunu xüsusi vurğulayıb. Düşərgənin əhəmiyyətindən danışan sədr komitənin həyata keçirdiyi layihələr haqqında məlumat verib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Buna uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələrin xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, intensivliyinə, onların ana dilini unutmamasına, tarix və mədəniyyətimizin təbliğinə xidmət etdiyini söyləyib. Azərbaycan dövlətinin gənclər siyasətinin harada yaşamasından asılı olmayaraq gənclərimizin inkişafına, vətəndaşlıq borcunu uğurla yerinə yetirməsinə hesablandığını qeyd edib. Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva diaspor gənclərinin yay düşərgələrində çox savadlı və vətənpərvər gənclər iştirak etməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Heydər Əliyev Fondunun gənclərin inkişafına və istedadlarının üzə çıxarılmasına böyük töhfələr verdiyini vurğulayaraq, bu mənada düşərgənin də əhəmiyyətinin çox böyük olduğunu deyib. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Diaspor Gənclərinin Yay Düşərgələrinin bir platforma olaraq gənclərin inkişafına çox müsbət təsir göstərdiyini bildirib. Rəsmi hissədən sonra Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında bədii hissə ilə davam edib. Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə xalça guşəsi yaradılıb. Guşədə bütün bölgələrin xalça nümunələri nümayiş olunub.
  Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yeni dövrə keçid etdi. Deputat xatırladıb ki, cənab Prezident İlham Əliyev Şuşada diaspora nümayəndələri ilə keçirilən zəfər qurultayında, məhz Diaspora Komitəsinin və xaricdə Azərbaycanı təmsil edən əslən azərbaycanlı olan soydaşlarımızın qarşısında yeni vəzifələri açıqladı: 

"Ötən müddət ərzində Diaspora Komitəsi və eyni zamanda xaricdə yaşayan soydaşlarımızla birbaşa işləyən aidiyyəti qurumlar öz fəaliyyətlərində dönüş yarada bildilər. Xüsusilə son dövrdə xarici ölkələrin vətəndaşları olan azərbaycanlı gənclərin Azərbaycan həqiqətləri ilə bağlı məlumatları daha dərindən mənimsəmələri və həmin ölkədə öz ixtisaslarına uyğun müxtəlif vəzifələrdə çalışmaları istiqamətində onlara xüsusi dəstək verilirdi. Artıq neçə illərdir ki, bu qəbildən olan yay düşərgələri Azərbaycanda keçirilir. Eyni zamanda xaricdə təhsil alan tələbələrlə və Azərbaycanın dostu olan gənclərlə mütəmadi görüşlər təşkil olunur. Demək olar ki, cənab Prezident tərəfindən aidiyyəti qurumlar qarşısında qoyulan vəzifələr uğurla icra edilir. Laçın şəhərində keçirilən yay düşərgəsi bu proseslərin bir növ davamıdır".
  Parlament üzvünün sözlərinə görə, yay düşərgəsi gənclərin şəbəkələşməsinə, Azərbaycan həqiqətləri ilə bağlı doğru-dürüst informasiyaları ilkin mənbələrdən əldə etmələrinə, öz fəaliyyətlərini ən yüksək səviyyədə təşkil etmələrinə motivasiya rolunu oynamaqdadır: "Bütün bunlarla yanaşı bu gənclərin məhz işğaldan azad olunmuş ərazilərə səfər etmələri və elə düşərgənin də bu ərazilərdə təşkil edilməsi rəmzi məna daşıyır. Sevindirici haldır ki, bu düşərgələrin məkanı hər il dəyişir. Hər il bura gələn gənclər həmin ərazilərdə inkişafın, quruculuğun canlı şahidi olurlar. Artıq ötən müddət ərzində çoxlu sayda bizim məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdıblar. Qarabağda torpaqlarda həyat canlanır. Biz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, bu torpaqları artıq cənnətməkana çeviririk. Azərbaycan dövləti bu ərazilərdə hansı layihələri həyata keçirir. Eyni zamanda məhz bu yay düşərgəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən, müxtəlif qurumları təmsil edən rəhbər şəxslərlə bu gənclərin görüşləri təşkil edilir. Bu, əla fürsətdir və bu cür yay düşərgələrini təşkil edən bütün qurumlara təşəkkürümü bildirirəm. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan diasporası daha da güclənəcək".
  N.Həmzəyev bəyan edib ki, ölkəmizi ən yüksək səviyyədə təmsil edə biləcək Azərbaycanəsilli insanların sayı daha da artacaq: "Məhz bu gənclər ətrafında formalaşan həmin ölkədəki şəbəkə nəticə etibarilə Azərbaycan həqiqətlərini təbliğ edən böyük bir dəstəyə çevriləcək. Bizim də istədiyimiz bundan ibarətdir. Bunu edə biləcəyimiz təqdirdə ermənilərin bizə qarşı həyata keçirdikləri dezinformasiya müharibəsində həmişə öndə olacağıq. Vətən müharibəsində olduğu kimi, erməni diasporuna və onların havadarlarına da qalib gələcəyik. İmkan vermək olmaz ki, Azərbaycan əleyhinə yanlış informasiyalar yaysınlar. Azərbaycanı tamamilə fərqli səpkidə təbliğ etsinlər. Bu baxımdan istənilən ölkədə diaspor şəbəkələrimizi formalaşdırmalı və onları gücləndirməliyik. Xüsusilə yeni nəsil gənclərin bu prosesdə daha aktiv, daha öncül sıralarda olmasını təmin etməliyik".