“Sənaye 4.0” konsepsiyası

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Azərbaycan bu çərçivədə bizneslərin rəqəmsallaşdırılmasını hədəfləyir
 
 Bakıda "Chain Reaction 2024" forumu baş tutub. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “FARI Solutions” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə süni intellekt, blokçeyn, fintex və kriptovalyutalar kimi mövzular müzakirə olunub. Forumda xarici və yerli şirkətlərin aparıcı ekspertləri və top-menecerləri iştirak edib. Məruzələr dinlənilib, forum panel müzakirələr və “dəyirmi masa”larla davam edib. Məlumata görə, Forumun birinci günü çərçivəsində “Metavers və Rəqəmsal iqtisadiyyata dalış”, “Rəqəmsal maliyyədə yeniliyin hərəkətverici qüvvəsi kimi kriptovalyutalar”, “Kripto-kapital: İsveçrə necə Avropada rəqəmsal aktivlər üzrə liderə çevrilir?”, “Blokçeyn tətbiqi: hökumətlər və müəssisələr texnologiyada hansı dəyəri görür?”, “İnteqrasiya olunmuş innovasiya ekosisteminin yaradılması”, “Təşkilatların məhsuldarlığını artırmaq üçün süni intellektdən istifadə”, “Kriptovalyuta bazarının vəziyyəti: hərəkətverici amil nədir? “, həmçinin “Banklar necə Web 2-dən Web 3-ə keçirlər” və “Web 3- sabit gəlirdəki dəyişmələrin hərəkətverici qüvvəsi kimi” mövzularında panellər təşkil olunub. Tədbirin təşkilatçılarından biri dünyanın aparıcı kriptovalyuta birjası - "Binance"nin baş marketinq direktoru Reyçel Konlan bildirib ki, müasir rəqəmsal aktivlər və texnologiyalar dünyasında təhsil əsas rol oynayır. "Biz Azərbaycan İqtisadiyyat Nazirliyi ilə danışıqlar apardıq və müasir rəqəmsal aktivlər və texnologiyalar dünyasında təhsilin əsas rol oynadığı qənaətinə gəldik. Bu, sadəcə olaraq daha çox insanı bu sahəyə cəlb etməyin bir yolu deyil, həm də onlara bu bazara necə etibarlı və bacarıqlı bir şəkildə girəcəklərini anlamalarına kömək edən bir vasitədir. Təhlükəsizlik və məlumatlılıq, hər hansı maliyyə bazarında uğurlu fəaliyyətin açarıdır və rəqəmsal aktivlər də istisna deyil. Təbii ki, digər maliyyə məhsulları kimi, kriptovalyuta ticarəti də risklər və dəyişmələr ilə əlaqədardır", -  deyə o qeyd edib. Onun sözlərinə görə, son həftələrdə bu mövzuların müzakirəsi sektorda dominantlıq edir. "Amma əsas məsələ odur ki, biz uzunmüddətli perspektiv üçün ekosistem qurmalıyıq, eyni zamanda insanları sakitliyi qorumağa, öz araşdırmalarını aparmağı və nə ilə investisiya etdiklərini başa düşməyi öyrətməliyik. Belə bir yanaşma çətinlikləri aşmağa və rəqəmsal aktivlərin həqiqi dəyərini açmağa imkan verəcək", - o əlavə edib. "4SIM Azerbaijan”ın icraçı direktoru Fariz Cəfərov qeyd edib ki, “4SIM Azerbaijan” hazırda Azərbaycanda böyük dil modellərinin inteqrasiyasına dair hazırlıq işləri görür. "Biz ötən ildən rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasına başlamışıq. Hazırda bu strategiya tamamlanıb və 2030-cu ilədək həyata keçiriləcək 51 böyük təşəbbüs müəyyənləşdirilib. Bu təşəbbüslər insanların bacarıqlarını artırmağa, infrastrukturun müasirləşdirilməsinə və "Sənaye 4.0" konsepsiyası çərçivəsində bizneslərin rəqəmsallaşdırılmasına yönəlmişdir. Biz, həmçinin Azərbaycanda süni intellektin böyük dil modellərinin tətbiqi üçün hazırlıq işləri aparırıq. Ölkənin rəqəmsal əkizini yaratmağı planlaşdırırıq ki, iqtisadiyyatda nə baş verdiyini və hansı dəyərlərin yaradıldığını daha yaxşı başa düşək", - o bildirib. Onun sözlərinə görə, böyük investisiyalar vətəndaşların davamlı təhsilinə yönələcək — proqram 650 müxtəlif şirkəti əhatə edəcək, bu şirkətlər "Sənaye 4.0" layihələrində iştirak edərək rəqəmsal transformasiya prosesindən keçəcəklər: "Biz diaqnostika edəcəyik ki, onların boşluqlarını aşkar edək və gələcək vizyonunu müəyyən edək, sonra isə transformasiya proqramlarını inkişaf etdirəcəyik. Eyni zamanda hökumət beynəlxalq sertifikasiyaları maliyyələşdirməyə hazırdır, xərcləri qarşılayaraq ölkədə qısa müddət ərzində ixtisaslı kadrların formalaşdırılmasını təmin edəcək. Biz həmçinin universitetlərlə əməkdaşlıq edirik və Azərbaycanda böyük bir növbəti nəsil texnologiyalar mərkəzi yaratmağı planlaşdırırıq, burada bizneslər rəqəmsallaşmaq üçün nə etməli olduqlarını praktikada görə biləcəklər. "Google" ilə əməkdaşlıq çərçivəsində GIS proqramları inkişaf etdiririk, "Apple" ilə isə universitetlərlə birlikdə dörd sertifikasiya mərkəzinin yaradılması layihəsini həyata keçiririk". O qeyd edib ki, Azərbaycan Dördüncü Sənaye inqilabı Mərkəzinin (C22IR) açıldığı 22 ölkədən biridir. "Bu, bizim Dünya İqtisadi Forumunda fəal iştirakımızı təsdiqləyir. Bu fəaliyyət çərçivəsində enerji və hətta idman sahələrində süni intellektlə bağlı layihələr həyata keçirilir, məsələn, mübarizədə süni intellekt proqramları. Məqsədimiz bazarda dəyişikliklərin katalizatoru olmaq, hökumətə, biznesə və cəmiyyətə rəqəmsal dünyaya uyğunlaşmağa kömək etmək, beynəlxalq ekspertləri müzakirələr və təcrübə mübadiləsi üçün cəlb etməkdir. Biz həmçinin kriptovalyutalar, blokçeyn, "Web3" və "Metaverse" sahəsində təşəbbüsləri aktiv şəkildə dəstəkləyirik, gələcəyin rəqəmsal iqtisadiyyatında onların vacib rolunu başa düşərək. "Binance" ilə əməkdaşlıq kriptovalyutalar və blokçeyn haqqında məlumatlılığın artırılmasına, eləcə də "Web3" ilə bağlı universitet layihələrinin inkişafına yönəlib. ", - F.Cəfərli əlavə edib. "Barings"in icraçı direktoru Lemer Salah əlavə edib ki, Azərbaycanda bank sahəsində ciddi inkişaf potensialı mövcuddur.
 "Azərbaycanda iqtisadiyyat hazırda kifayət qədər sabit göstəricilər nümayiş etdirir. Bu, ölkəyə həm dövlətin, həm də bank sektorunun maliyyə balansında güclü mövqelərdən effektiv istifadə edərək daha çox birbaşa xarici sərmayə (FDI) cəlb etməyə imkan verir. Azərbaycanı Asiyada, Latın Amerikasında və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarlarla müqayisə edərkən, ölkənin bank sahəsində ciddi inkişaf potensialına malik olduğu açıq-aydındır. Güclü iqtisadiyyat, sabit gəlirlər və mərkəzləşdirilmiş idarəetmə daha da inkişaf üçün mükəmməl şərait yaradır. Bu yolda əsas addımlardan biri, daha çox FDI cəlb etmək məqsədilə istiqrazların buraxılması olmalıdır. Bu, yalnız bank sektorunun möhkəmlənməsinə deyil, həm də onun daha da inkişafına töhfə verəcək. Bundan əlavə, ölkə blokçeyn və digər müasir texnologiyalar kimi yeni iqtisadi seqmentlərə "keçid" imkanlarına malikdir. Bu addım Azərbaycanın yeni kapital bazarını yaratmasına və iqtisadi inkişafını sürətləndirməsinə imkan verəcək", - o bildirib. Onun sözlərinə görə, Azərbaycanın reytinqi bir sıra ölkələrdən daha yüksəkdir. Forumun ikinci günü də maraqlı müzakirələrlə yadda qalıb.  Tədbirin əsas mövzuları blokçeyn, "Web3", süni intellekt və rəqəmsal aktivlər olub. İkinci gün ərzində “4SIM Azerbaijan” və “Binance” arasında anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, "Chain Reaction 2024" forumunun ikinci günü çərçivəsində "innovasiyalar mədəniyyət kimi", "Kiber zəiflik - bu, təsisçilər üçün böyük riskdirmi?", "Yeniliyə və maliyyəyə davamlı yanaşma", "Web 3 azalırmı?", "Müasir portfel tərkibi: rəqəmsal aktivlərin rolu nədir?", "Fintech və ragtech"in yeni dövrü", "İnvestorların səhvləri" və "Mərkəzləşdirilmiş maliyyə institutları rəqəmsal aktivləri qəbul etməlidirmi, yoxsa onlardan çəkinməlidirmi?" mövzularında panel müzakirələr keçirilib. Həmçinin "100 milyon İsveçrə frankı dəyərində rəqəmsal istiqrazın buraxılması dərsləri" və "Bitkoin 2" qat azaldıqdan sonra mayninq etməyə dəyərmi?" mövzularında təqdimatlar olub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva "Chain Reaction 2024" forumunun "İnnovasiyalar mədəniyyət kimi" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı qeyd edib ki, Azərbaycanda ilk innovasiya mərkəzi yaradılır: “Agentlik Azərbaycanda AIM (Azərbaycan İnnovasiya Mərkəzi) adında ilk innovasiya mərkəzini qurmaqdan qürur duyur. Biz bu mərkəzi oktyabr ayında Bakı və Sumqayıtda açmağı planlaşdırırıq, ilin sonuna qədər isə bölgələrdə bir mərkəz daha açılacaq. Gələn il isə Bakıda bir neçə yeni mərkəz açmağı planlaşdırırıq”. İ.Vəliyeva, dövlət-şəxsi tərəfdaşlıqların təşəbbüslərin davamlılığını təmin edəcəyinə və biznes sektorunun uzunmüddətli inkişafda açar rolunu oynayacağına əmindir.
 Qeyd edək ki, Forumun yekunu olaraq “4SIM Azerbaijan” və “Binance” arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandum “4SIM Azerbaijan”ın icraçı direktoru Fariz Cəfərov və “Binance”in regional bazar şöbəsinin rəhbəri Vişal Saçindran arasında imzalanıb. Bu əməkdaşlığın Azərbaycan gəncləri və mütəxəssislərinə web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərin təqdim edilməsi yolunda vacib bir addım olduğu deyən V.Saçindran qeyd edib ki, Memorandum çərçivəsində "Binance Academy" və onun strateji təhsil tərəfdaşı olan Blokçeyn və AI Texnologiyaları Mərkəzi Azərbaycan universitetləri ilə "Global University Outreach Program" (GUOP) proqramı vasitəsilə əməkdaşlıq edəcək: “Əməkdaşlıq çərçivəsində tədris proqramlarının hazırlanması, sahənin aparıcı mütəxəssisləri tərəfindən mühazirələr və müəllimlər üçün birgə seminarların keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, "Binance Academy" blokçeyn, NFT və metaverse kimi mövzular üzrə akkreditə olunmuş onlayn kurslar təqdim edəcək. Kurslar həm Azərbaycan, həm də ingilis dillərində mövcud olacaq. "Bizim tərəfdaşlığımız ölkədə təhsil və bu sahənin inkişafını irəlilətməyi nümayiş etdirir. Blokçeyn və rəqəmsal aktivlər sahəsində innovasiyaları və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məqsədimiz tələbələrə və mütəxəssislərinə rəqəmsal iqtisadiyyat üçün vacib bilikləri təqdim etməkdir. Veb3 və blokçeyn texnologiyaları sahəsində təlim və innovasiyalar üçün dəyərli imkanlar təqdim etməklə Azərbaycanda blokçeyn təşəbbüsləri barədə məlumatlılığı artırmaq və inkişaf etdirmək üçün lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq".