Ruhin Vəliyev minatəmizləmə əməliyyatında ayağının birini itirib
“Azərbaycan dövləti, sağlamlığım, həyat şəraitimin yaxşılaşması üçün hər nə lazımdırsa edir. Vaxtlı-vaxtında müalicəyə cəlb olunuram”
27 sentyabr torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım günüdür. 27 sentyabrda Azərbaycan tarixinin şərəfli səhifələrindən daha biri yazılmağa başladı. Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində böyük qələbə əldə edildi. Bu qələbə, cənab Prezidentin də dediyi kimi, rəşadətli ordumuzun əsgər və zabitlərinin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın yüksək əzm və iradəsinin, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməsiylə əldə edildi. İtkilərimiz olsa da, ən böyük qazancımız Vətən torpaqlarının azadlığı, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təminidir. Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək hər bir azərbaycanlının borcu olduğu kimi, müharibədən sonrakı quruculuq dövründə əzmkarlıq göstərərək erməni faşistləri tərəfindən torpaqlarımızda basdırılmış minaların təmizlənməsində iştirak edənlər də gerçək qəhrəmanlardır.
Bu gün onlardan biri – Ruhin Vəliyev haqqında danışacağıq.
Vəliyev Ruhin Sultan oğlu 31 mart 1991-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Ruhin Vəliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Xudafərin kəndində 17 iyun 2022-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayıb və o, ağır xəsarətlər alıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında da qeyd edilib. Bildirilib ki, 2022-ci il iyunun 17-də Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub.
Hadisə barədə “Sherg.az"a danışan R.Vəliyev ağır xəsarətlər aldığını dedi:
- Sol ayağımdan ağır xəsarət almışam, sağ ayağımdan ağır qəlpə yarası, eyni zamanda kəllə-beyin travması aldım. Elə oradaca mənə ilkin tibbi yardım göstərildi. ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovun tapşırığı ilə təcili surətdə Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasına çatdırıldım. 2 ay xəstəxanada müalicə aldıqdan sonra Buzovna Reabilitasiya Mərkəzində də 1 ay müalicə-reabilitasiya kursu keçdim. Daha sonra dövlət xəttiylə qardaş Türkiyəyə müalicə-reabilitasiya kursuna göndərilmişəm. Orada həm lazımi müalicə kursu keçmişəm, həm də ən son texnologiya protezlə təmin edilmişəm. III qrup əliləm. İşlə təmin olunmuşam. Hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşıyam. R.Vəliyev qeyd etdi ki, müalicəsi mütəmadi davam etdirilir:
- Hər 3 aydan bir reabilitasiya kursuna cəlb olunuram. Mənə hər cür köməklik göstərilir. Həm ANAMA rəhbərliyi, həm də BAMF tərəfindən. Sağ olsunlar, ANAMA İdarə Heyətinin sədri Vüqar müəllim, BAMF-nun prezidenti Umud müəllim (Ümud Mirzəyev – Rəhimoğlu – M.R.) köməklərini, dəstəklərini əsirgəmirlər. İşlə təmin olunmuşam. Müavinət də alıram, əməkhaqqı da alıram. Sağ olsun, Azərbaycan dövləti, sağlamlığım, həyat şəraitimin yaxşılaşması üçün hər nə lazımdırsa edilir. Vaxtlı-vaxtında müalicəyə cəlb olunuram, heç bir şikayətim, narazılığım yoxdur, ehtiyaclarım tam şəkildə qarşılanır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2023-cü il tarixli sərəncamı ilə bir qrup şəxs “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Prezidentin sərəncamında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutularaq Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətində fərqlənən bir qrup şəxs “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilir. Təltif edilən 23 nəfərdən biri də Ruhin Vəliyevdir.
R.Vəliyev Ermənistanın işğal etdiyi ərazilərimizdə erməni separatçılarının basdırdığı piyada əleyhinə minaların insanların həyatına böyük təhlükə olduğunu vurğulayaraq dəfələrlə bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər edildiyini xatırlatdı:
- 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə biz - Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən QHT-lər birgə bəyanat verərək beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırış etdik. Bəyanatda qeyd edilirdi ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Azərbaycan Ermənistanın mina müharibəsindən əziyyət çəkir, mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla kəskin çirkləndirilib. Biz beynəlxalq ictimaiyyəti Ermənistanı mühakimə etməyə və Azərbaycana humanitar minatəmizləmə fəaliyyətində dəstək olmağa çağırırıq. Ermənistan mina terroru nəticəsində 1991-ci ildən bu günə kimi 3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir - 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır. 2020-ci ildə 44 günlük müharibədən sonra - Azərbaycanda mina hadisələrindən ölən şəxslərin 77 faizi mülki şəxslərdir. 2020-ci ilin 10 noyabrından ötən dövr ərzində 350 nəfər azad edilmiş ərazilərdə minaya düşüb, onlardan 65 nəfər həyatını itirib, 285 nəfər xəsarət alıb. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi məzarlıqların ətrafı minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar hər an təhlükə ilə üzləşə bilər. Bu, bəşəri cinayətdir. Amma Ermənistan rəhbərliyi öz məkrli siyasətindən, cinayət əməllərindən əl çəkməyərək mina xəritələrini Azərbaycan dövlətinə təhvil vermir. Onlar xəritələri verməsələr də, Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini təmin etməkdədir. Və real təhlükəsini gözə alaraq bir çox insanımız xalqımıza xidmət göstərərək torpaqlarımızın minalardan təmizlənməsində iştirak edir. Onlar hər cür tərifə layiqdirlər.