Harrisdən diqqətçəkən açıqlama: "Mən Baydenin yolu ilə getməyəcəyəm"

ABŞ seçkilərində Demokratların namizədi Kamala Harris keçmiş prezident Donald Trampa yaxınlığı ilə tanınan Fox News kanalına müsahibə verib. 
Harris ilk dəfədir ki, Trampı açıq şəkildə dəstəkləyən kanala danışır.

Sherg.az xəbər verir ki, çərşənbə günü axşam verdiyi sərt müsahibədə o, prezidentliyinin "Co Baydenin prezidentliyinin davamı olmayacağını" söyləyib.

Müsahibə zamanı Harrisdən hazırkı prezident Co Baydendən "fərqli bir şey edəcəksinizmi" deyə soruşublar. Harrisin cavabı ictimai mübahisələrə səbəb olub. 

 Baydenin yolu ilə getməyəcəyini vurğulayan Harris, "Çox açıq deyim. Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq. Vəzifəyə gələn hər yeni prezident kimi mən də öz həyat təcrübələrimi, peşəkarlığımı gətirəcəyəm" deyə bildirib.

Amerikalıların əksəriyyətinin ölkənin "yanlış yolda" olduğuna inandığını göstərən sorğular haqqında soruşduqda, Harris vətəndaşların Bayden və Trampdan bezdiyini irəli sürdü.