Eyyubovla Qriqoriyanın görüşünün detalları açıqlanmır

Azərbaycan və Ermənistan rəhbərliyinin müvafiq tapşırığına əsasən sülh prosesi istiqamətində danışıqlar, müzakirələr davam etdirilir

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ermənistan baş nazirinin müavini Mqer Qriqoriyanla görüşüb. Görüş MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində olub. İclasdan sonra Eyyubov və Qriqoriyan 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər. Qeyd edək ki, bənzər görüşlər ötən zaman ərzində bir neçə dəfə baş tutub. Məsələn, prezidentlə baş nazir arasında, o cümlədən XİN rəhbərləri, spikerlər səviyyəsində belə ayaqüstü görüşlər olub. Adətən, belə görüşlərə münasibət birmənalı olmur, çünki ciddi müzakirələr olmadığı üçün təbii olaraq nəticəsi də olmur. Amma əksər ekspertlərə görə, sülh prosesinin gedişində Azərbaycan və Ermənistan rəhbərliyi və yaxud rəsmilər arasında müxtəlif platformalarda qısa danışıqların olması təbiidir. Ən azından təmasların davamlı olması baxımından protokol qaydalarından kənar müzakirələr belə faydalı hesab olunur. 
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında belə müntəzəm görüşlər müxtəlif meydançalarda baş tutur. Ekspert vurğulayıb ki, Kazan sammitində Azərbaycan və Ermənistan rəhbərliyinin müvafiq tapşırığına əsasən sülh prosesi istiqamətində danışıqlar, müzakirələr davam etdirilir:

"Bununla bağlı müəyyən işlər görülür. Nəticələrin nə olacağını zaman göstərəcək. Ancaq fərqli müstəvilərdə müxtəlif şəxslərin sıx təmasları, müzakirələrin artması göstərir ki, bəzi texniki məsələlərdə tərəflər ortaq məxrəcə gələ bilir. Daha kompleks şəkildə razılığın əldə olunmadığı ortadadır. İstənilən halda tərəflərin davamlı təması, müddətindən asılı olmayaraq danışıqları müsbət addımdır. Qarşılıqlı təkliflər və detallar geniş müzakirə olunur". 
Siyasi şərhçi onu da vurğulayıb ki, obyektiv səbəblərə görə, tərəflər arasındakı bütün danışıqlar cəmiyyətə açıqlanmır: "Əlbəttə, müzakirələr intensivləşsə də, əsas müzakirələrdir, amma ən azından Ermənistan tərəfi anlayır ki, sülh qaçılmazdır və kommunikasiyalar mütləq açılmalıdır. Azərbaycanın tələbləri ortadadır və bunları dəyişdirmək fikrində deyilik. Zaman Ermənistanın xeyrinə işləmir. Əgər İran vasitəsilə Zəngəzur dəhlizinin tərkib hissəsi sayılan "Araz dəhlizi" kommunikasiyası açılarsa, Ermənistan tamamilə uduzacaq. Yəni kommunikasiya məsələsində bu ölkənin maraqları əks olunmayacaq. Ermənistandan təkliflərimizə cavab gözləyirik".