Ermənistanın müttəfiqləri və dostlarının sayı sürətlə azalır
Bəşər Əsəd rejiminin süquta uğraması daha çox İran və Rusiyanın məğlubiyyəti kimi şərh olunur. Hadisələr göstərir ki, Ermənistan da özünü uduzanlar arasında hiss edir. Əsədin devrilməsinin Ermənistanda narahatlıqla qarşılanmasının arxasında ciddi məqamlar var. Əslində bütün zamanlarda Ermənistana dəstək verən Bəşər Əsəd daim ermənilərin hamisi kimi çıxış edib.
Ermənistan mətbuatını izləyəndə onların Əsədə olan rəğbətlərini dərhal sezmək mümkündür. O baxımdan Suriyada Əsəd rejiminin gözlənilməz çöküşü Ermənistanda az qala faciə kimi qarşılanıb. Ermənistandakı hökumətyönlü “Teleqram” kanalları daha çox canfəşanlıq edirlər. Ermənilər anlayırlar ki, Suriyadakı rejim dəyişikliyindən həm dövlət olaraq Ermənistan, həm də erməni icması itirib. Suriyada ənənəvi erməni partiyalarının yerli qurumları - “Daşnaksütyun” və “Hunçakyan” fəaliyyət göstərir. Bu partiyaların üzvləri dəfələrlə türk diplomatlarına qarşı terror aktları törədiblər. Terrorçular Əsədin rəhbərlik etdiyi Suriyada özlərini çox rahat hiss ediblər. Əsəd hər zaman ermənipərəst mövqe tutub və Azərbaycana qarşı çıxıb, Kəşmir məsələsində Pakistanı deyil, Hindistanı dəstəkləyib. 2011-ci ildə Suriyada müharibə başlayanda, bu ölkədə 100 minə yaxın erməni yaşayırdı. Onların 60 minə yaxını Hələbdə, 10 minə yaxını Dəməşqdə, 6-7 min nəfəri Latakiyada və digər ərazilərdə məskunlaşmışdılar. Son məlumatlara görə, hazırda Suriyada 30 minə yaxın erməni yaşayır. Bunların da əksəriyyəti Hələb sakinləridir.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Əsəd rejimi Azərbaycana qarşı təcavüzkar, terrorçu və soyqırımçı mövqedən çıxış edən Ermənistanı yaxından dəstəkləyirdi. Ekspert Ermənistanın “demokrat” baş naziri Nikol Paşinyanın öz xalqının qanını tökən Bəşər Əsədi 2021-ci il prezident seçkilərində "qələbə" münasibətilə təbrik etməsini xatırladıb: "Biz Əsədin vətəndaş müharibəsinin davam etdiyi Suriyada sülhün bərqərar edilməsinə, dialoqun başlanmasına yönəlmiş "səylər"ini unutmamışıq. Paşinyanın "odlu-alovlu" təbriki Əsəd rejiminin Ermənistanla olan dərin əlaqələrindən irəli gəlirdi. Ona görə də İran, Suriya, Livan və s. kimi terroru dəstəkləyən ölkələrlə əməkdaşlıq etməkdən çəkinməyən "qərbpərəst" Ermənistan hakimiyyətinin bu gün Əsəd rejiminin çökməsindən məyus olması anlaşılandır. Bəşər Əsədin Dəməşqdən qaçıb Rusiyaya sığınması Ermənistan üçün həqiqətən də ağır zərbə oldu. Ermənistanın müttəfiqləri və dostlarının sayı sürətlə azalır. Ermənistanın ənənəvi müttəfiqləri olmuş Rusiya və İranın Suriyadakı proseslərdə zəiflik göstərməsi bir çox ermənilərdə belə bir təəssürat formalaşdırıb ki, Ermənistanın daimi etibarlı və güclü müttəfiqi yoxdur. Onlar düşünürlər ki, nə vaxtsa Ermənistan da Suriyanın aqibətini yaşaya bilər. Erməni ekspertlər Suriyadakı hadisələr fonunda təşvişə düşərək, Ermənistanın Suriyaya çevriləcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Ermənistanın Suriyanın taleyini yaşayacağına dair proqnozları indi əksər erməni analitiklərinin şərhlərindən də görmək mümkündür. Suriya ilə Ermənistan arasında həqiqətən də bir bənzərliyin olduğunu deyən və İrəvanın Dəməşqin taleyini yaşayacağı ilə bağlı proqnozlar verən sözügedən ekspertlər, əslində, dolayısı yolla etiraf edirlər ki, Ermənistan yanlış siyasət yürüdür. Ancaq Ermənistanın Suriyanın aqibətini yaşamaq ehtimalı daxili amillərdən yox, bu ölkənin öz qonşularına qarşı ərazi iddialarından hələ də əl çəkməməsindən qaynaqlana bilər. Ermənistan konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer alması son nəticədə Ermənistan dövlətinin özünün varlığını təhlükə altında qoyur. İrqçiliyin və ultramillətçiliyin təbliğat yuvasına çevrilmiş erməni kilsəsinin ortaya atdığı "miatsum", "böyük ermənistan" kimi təcavüzkar, ekspansionist ideyalar Ermənistanın özü üçün ekzistensial təhlükələr yaradır".
Analitikə görə, İrəvanın Zəngəzur dəhlizinin açılmasını İranın, Fransanın təhriki ilə əngəllləməsi və silahlanma bu ölkənin "ikinci Suriya"ya çevrilməsi ehtimalını artırır: "Ermənistanı silahlandıranlar onun "ikinci Suriya"ya çevrilməsinə şərait yaradırlar. Onlar Ermənistanı öz geosiyasi maraqları üçün silahlandırırlar. Lakin bu silahların bir qismi günün birində Ermənistan müxalifətinin də əlinə keçə bilər. Suriyada olduğu kimi Ermənistanda da hakimiyyəti silahlı müqavimət yoluyla dəyişmək istəyən revanşist qüvvələr çoxdur. Onların məqsədi Ermənistan-Azərbaycan normallaşma prosesini dayandırmaq və Ermənistanı yenidən işğalçı ölkə xəttinə qaytarmaqdır. Bütün bunlar heç şübhəsiz ki, Ermənistanın "ikinci Suriya"ya çevrilməsi üçün potensial zəmin yaradır. Ona görə də, erməni təhlilçilər Suriyada Əsəd rejiminin devrilməsinə görə isterikaya düşüb, Türkiyə və Azərbaycanın əleyhinə sərsəm fikirlər səsləndirməkdənsə, sülh prosesinin sürətlənməsinə dəstək verməlidirlər. Ermənistanı Suriyanın durumuna düşməkdən yalnız real sülh prosesi xilas edə bilər".