Türkiyə Suriyanı terror yuvasından xilas edəcək - TƏHLİL

Tramp da bu ölkədə yaşanacaq hadisələrin açarının Türkiyədə olduğunu deyir

Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib, göstərə bilməyib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib. Ərdoğan həmçinin ölkəsinin Suriya ilə əməkdaşlığa hazır olduğunu ifadə edib və Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: “Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam edəcək. Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”. 
Qeyd edək ki, Rusiya Suriyadan hərbi texnikalarını çıxartmağa davam edir. Rusiya bu dəfə Lazkiyə şəhərindən qüvvələrini çıxarmağa başlayıb. Daşınan silahlar arasında zirehli texnikalarla yanaşı, S-400 batareyaları da olub. Rus qoşunları daha əvvəl paytaxt Dəməşqdən də çıxarılmışdı. ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Suriyada yaşanacaq hadisələrin açarının Türkiyədə olduğunu deyib. Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan barədə də danışan Tramp onun çox ağıllı və güclü bir lider olduğunu qeyd edib: “Ərdoğan mənim yaxşı anlaşdığım biridir. O, çox güclü ordu qurdu". 
Tramp Bəşər Əsədin də uşaqlara etdikləri ilə bir qəssab olduğunu qeyd edib. ABŞ-nin BMT-dəki nümayəndəliyinin keçmiş rəhbəri Nikki Heyli də deyib ki, Donald Tramp vəzifə səlahiyyətlərinin icrasına başlayanda etməli olduğu ilk iş türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etməkdir. O, bunu Tramp üçün fürsət kimi dəyərləndirib: "Unutmayın ki, Rusiya-Ukrayna müharibəsində Ərdoğan Kiyevin tərəfindədir. Əgər Tramp İranı zəiflətmək və Ukrayna-Rusiya arasında ixtilafa son qoymaq istəyirsə, ilk növbədə Türkiyə və Ərdoğanla əlaqə qurmalıdır". 
Məlumat üçün deyək ki, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedərək müvəqqəti hökumətin rəhbərliyi ilə görüşüb. 

Siyasi ekspert Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, Türkiyə Suriyada hakim mövqeyə yüksəlir. Onun sözlərinə görə, MİT rəhbərinin Dəməşq səfəri də bir neçə aspektdən mühüm hadisədir:

"İbrahim Kalın Bəşər Əsəd hakimiyyətdən devrildikdən sonra Suriyanı ziyarət edən ən yüksək rütbəli xarici qonaqdır. Bu məsələ Türkiyənin bölgədə nüfuzu və Suriyanın gələcəyinin qurulması yolunda da mühüm əhəmiyyət kəsb edən məsələdir. Kalın Türkiyənin mövqeyini Suriyanın yeni rəhbərliyinin diqqətinə çatdırıb. "Təhrir əş-Şam"ın rəhbərliyi də Ankara ilə münasibətlərə xüsusi önəm verir. MİT rəhbəri Dəməşqə məhz onların dəvəti ilə gəlib. İkinci vacib məsələ Suriyanın yeni rəhbərliyinin özünün əsas müttəfiqi ilə bağlı artıq seçim etməsidir. Əbu Məhəmməd Əl-Colaninin İbrahim Kalınla səmimi münasibəti, onun xidməti avtomobilini şəxsən idarə etməsi Suriyada hakimiyyəti ələ keçirən bu qrupun Türkiyəyə olan rəğbətindən xəbər verir. Ankaranın ilk günlərdən zalım Əsəd rejiminə etirazını bildirərək Suriya xalqının yanında yer alması, minlərlə suriyalı qaçqına qucaq açaraq onları ölümdən xilas etməsi vəziyyəti buralara gətirdi".
Z.Əmralıyevin fikrincə, İbrahim Kalının səfərinin ana mətnini şübhəsiz ki, iki məsələ təşkil edir: 

"Birincisi, PKK uzantısı olan YPG-PYD qruplarının Türkiyə sərhədləri ətrafında fəallığının artmasıdır. Bu, Ankaranı ciddi şəkildə narahat edir. Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun keçirdiyi əməliyyatla Menbiç və onun ətrafının terrorçulardan təmizlənməsi Türkiyənin mövqeyini xeyli tərəfə möhkəmləndirdi. Ancaq rəsmi Ankara Suriyadan özünə qarşı heç bir təhdid istəmir və ölkənin terrorçu dəstələrdən tamamilə təmizlənməsini istəyir. Bu, "Təhrir əş-Şam" rəhbərliyinin də arzusudur. Paytaxtda mərkəzi hakimiyyəti ələ almış bu qrup ölkədə hansısa "boz zona"nın mövcudluğunu qəbul etmir. Başqa məsələ isə Suriyanın yenidən qurulmasıdır. 13 illik vətəndaş müharibəsi ölkənin tamamilə dağılmasına, ölkənin bütün infrastrukturunun sıradan çıxmasına səbəb olub. Yeni hökumətin əsas problemi məhz ölkənin yenidən qurulması olacaq. Bu işdə Türkiyənin dəstəyi vacibdir. Ankara Türkiyəyə sığınmış suriyalı qaçqınların evlərini təmir edərək onların köçürülməsini həyata keçirə bilər. Eyni zamanda Suriyadan Türkiyəyə dönəcək olan şəxslərdə Ankaranın gücünə güc qatacaq. Onların Türkiyə ilə çox sıx bağı var və faktiki olaraq Suriyada türk dövlətinin ən böyük dəstəkçisinə çevriləcəklər. Suriyada türk lirəsinin əsas ödəniş vasitəsinə çevrilməsi də Ankaranın bu ölkədə tək güc olduğunu ortaya qoyur. Heç təsadüfi deyil ki, ABŞ-nin Dövlət katibi Antoni Blinken məsləhətləşmələr aparmaq üçün Ankaraya gəlir. Avropa ölkələri də Suriya ilə bağlı Türkiyə ilə koordinasiyalı şəkildə çalışırlar. Artıq bütün dövlətlər Türkiyənin Suriyada qeyd-şərtsiz qalib gəldiyini təsdiqləyirlər. Görünən odur ki, Suriyada yeni düzən məhz Ankaranın istəyinə uyğun şəkildə qurulacaq".