Petrosyanın irqçi-faşist etirafları: Hərbi canilər beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır

Ermənistanın faşist mahiyyəti, vaxtilə azərbaycanlılara qarşı etnik təmizləməyə yol verdiyi növbəti dəfə, elə bu ölkənin keçmiş liderinin dili ilə təsdiqini tapıb. Tanınmış videobloqer Albert İsakovun özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. 

“Demokrat” düşüncəli lider kimi qələmə verilən keçmiş prezident L.Ter-Petrosyanın çıxışını Ermənistanın digər eks-prezidenti Serj Sarkisyanın Xocalı Soyqırımı ilə bağlı səsləndirdiyi etirafların oxşarı da adlandırmaq olar. Ter-Petrosyanın yayılan bu videosunu izləyən hər kəs Ermənistanın müstəqilliyinin ilk illərindəki əsl mahiyyəti ilə yaxından tanış olmaq imkanı əldə edir. Bir daha bəlli olur ki, “azərbaycanlılarsız Ermənistan və Qarabağ” Ermənistanın gerçək mahiyyətini təşkil edib. Video “demokrat”, “liberal” imicli Petrosyanın bütün kimliyini, onun əsl faşist təfəkkürünü ortaya qoyur. Ter-Petrosyanın etirafı onun barəsində beynəlxalq məhkəmənin başlanmasına, cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir. Videobloqer Albert İsakovun təqdim etdiyi videoya yazılan şərhlərdə də bu, əsas xətt kimi keçir. L.Ter-Petrosyan o çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: “Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ – red.), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”. İsakov bildirib ki, Ter-Petrosyan bu sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyib. Ter-Petrosyanın 31 il öncə erməni milli hərəkatının hərbi qanadı kimi meydana çıxan “Yerpaka” üzvlərinin qarşısında dediyi bu fikirlər faşist, millətçi əhvali-ruhiyyənin, Azərbaycana qarşı nifrətin, kin-küdurətin hansı həddə olduğunu göstərir. Bu, bir daha Ermənistanın əvvəlki hakimiyyətlərinin soyqırımçı, etnik təmizləmə ruhunda olduqlarının təsdiqidir. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. Məsələn, birinci prezident indiki Ermənistanı azərbaycanlılardan necə “təmizlədiklərini” çəkinmədən söyləyir. Ardınca da əlavə edir ki, tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdilər. Gətirilən sitat isə sadəcə, dəhşət doğurur.

"Tanınmış yəhudi-erməni qarışımlı videobloger Albert İsakovun özünün “YouTube” kanalında erməni mənbələrinə istinadən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşündən paylaşdığı videogörüntüləri diqqətlə izlədim". 

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, iblis Ter-Petrosyanın həmin görüşdəki çıxışı zamanı etdiyi irqçi-faşist etirafları Ermənistanın son 30 ildəki işğalçı siyasətinin ifşa edilməsi və Ermənistana rəhbərlik etmiş hərbi canilərin məhkəmə məsuliyyətinə cəlb olunması üçün kifayət qədər ciddi faktoloji-informativ əsaslar yaradır. 

Ekspert qeyd edib ki, son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyana qarşı müxalif mövqeyə keçən və onu Qarabağı satmaqda ittiham edən “Erməni Milli Konqresi”nin rəhbəri Ter-Petrosyanın Albert İsakovun təqdim etdiyi videogörüntülərdəki etirafları Levon Ter-Petrosyanın gerçək mahiyyətini ortaya qoyur və onun Azərbaycan torpaqlarının işğal edilməsində, eləcə də Xocalı soyqırımının törədilməsində Robert Köçəryan və Serj Sərkisyan kimi müharibə caniləri ilə bilavasitə əlbir olduğunu təsdiqləyir: 

"Ter-Petrosyan sözügedən çıxışında azərbaycanlıların Ermənistandan qovulmasını erməni xalqı üçün "böyük uğur" hesab edir və yalnız bundan sonra Ermənistanın müstəqil olduğunu sübut etməyə çalışır. Onun fikrincə, Ermənistan və Qarabağın azərbaycanlılardan tamamilə təmizlənməsi erməni xalqının 600 il ərzində həll edə bilmədiyi bir problemi həll etməsi deməkdir. Ağdamın işğal edildiyi gündə (23 iyul 1993-cü il) erməni terrorçuları və işğalçıları qarşısında çıxış edən Ermənistanın birinci prezidentinin bu etiraflarından bir daha bəlli olur ki, azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması, etnik təmizləmə siyasətinin həyata keçirilməsi və Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsi Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olub".

Siyasi şərhçi qeyd edib ki, Ter-Petrosyanın etirafları Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın "azərbaycanlılarla ermənilərin etnik zəmində uyuşmazlığı" barədə bədnam açıqlaması ilə və Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Xocalı soyqırımı ilə bağlı ingiltərəli jurnalist Tomas de Vaala müsahibəsindəki etirafı ilə tamamilə üst-üstə düşür: 

"Sərkisyan həmin müsahibəsində ermənilərin Xocalıda azərbaycanlı dinc əhaliyə qarşı qırğınlar törətdiyini az qala fəxr hissilə etiraf edib. Bütün bunlar Levon Ter-Petrosyanın uzun illər ərzində özü haqqında böyük bir hiyləgərliklə formalaşdıra bildiyi "sülhsevər siyasətçi" imicini tarmar edir və onun gerçək bir ekstremist, müharibə baiskarı, soyqırım canilərindən biri olduğunu açıq şəkildə təsdiqləyir. Biz bu  ifşaedici videokadrların ictimailəşməsini yaxın keçmişimizə aid tarixi həqiqətlərin öz yerini tutması kimi qiymətləndiririk. Ter-Petrosyanın etirafları onun özünün də, xələflərinin də Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılması məsələsini aktuallaşdırır".