İradə Rizazadə,
"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri
Tarixən Azərbaycan-Gürcüstan münasibətləri regionda seçilmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olmuşdur. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır.
Ulu öndər Heydər Əliyev
Region ölkələrinin bir-biri ilə əlaqələri sabitliyin təmin olunması və Cənubi Qafqazın gələcəyi baxımından çox önəmlidir. Bu mənada, Azərbaycan-Gürcüstan əlaqələrinin xarakteri bölgənin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Son illərdə hər iki ölkənin kommunikasiya və enerji təşəbbüslərində, eləcə də kommersiya fəaliyyətlərində çoxşaxəli strateji əməkdaşlıq yaratması regionun sabit inkişafına müsbət təsir göstərir. Bu müsbət dinamikanın saxlanması, Bakı və Tbilisi arasındakı strateji əlaqələrin səviyyəsilə birbaşa bağlıdır.
Azərbaycanla Gürcüstanın oxşar geosiyasi proseslərdən keçməsi hamıya məlumdur. Hər iki xalq 1918-ci ildə müstəqil dövlətlərini elan etmiş, lakin bolşeviklərin bölgədə dominant mövqe tutması ilə tezliklə müstəqilliklərini itirmişdilər. SSRİ-nin dağılmasından sonra bu respublikalar yenidən müstəqilliklərini bərpa etmək imkanı qazandılar və yeni dövrün başlanması ilə hər iki dövlət münasibətlərdə yeni mərhələyə qədəm qoydu. Məhz bu mərhələdə hər iki xalqın ictimai-siyasi həyatında, eləcə də sosial-iqtisadi inkişafında böyük rol oynamış enerji-kommunikasiya layihələri uğurla həyta keçirildi. Sovet İttifaqının süqutundan sonra Qafqaz regionundan Avropaya ilk dəfə neft və qaz boru kəmərlərinin çəkilməsi Azərbaycan və Gürcüstan dövlətlərinin böyük strateji qələbəsi olmaqla yanaşı, həm də iki ölkə arasında uğurlu ikitərəfli münasibətlərin yaranmasının təsdiqi oldu.
Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin 2025-ci il yanvarın 17-də Azərbaycana etdiyi səfər bir çox yönləri ilə önəmli mahiyyət daşıyır. İlk növbədə, bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının növbəti göstəricisi kimi simvolik əhəmiyyət kəsb edir. İrakli Kobaxidze ilə görüşdə Prezident cənab İlham Əliyev xüsusi vurğuladı ki: “Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.
Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki dövlət bir-birləri ilə olan ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə lazım olan bütün addımları gerçəkləşdirir. Elə bu ali niyyətin, fəal siyasi dialoqun nəticəsidir ki, bu gün Azərbaycan-Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün parametrlərlə uğurlu həllinə imza atılıb. Bütün istiqamətlərdə - müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nailiyyətlər var.
Qeyd edək ki, dövlət başçılarının görüşündə Orta Dəhliz layihəsi də müzakirə edildi. “Orta Dəhliz layihəsi” hər iki ölkənin mənafeyinə uyğun məsələlərdən biri kimi təqdir olunmalıdır. Çünki bu layihədə hər iki ölkə yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Təbii ki, qonşu dövlətlərin də burada iştirak edəcəkləri şübhəsizdir. Çünki layihənin coğrafiyası böyükdür. Əsas məqam budur ki, dövlətimizin başçısının da vurğuladığı kimi, bu layihədə Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayacaq.
Bu gün münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hazırda ölkələrimizin əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Əsrlər boyu Qərblə Şərqi birləşdirən Azərbaycan və Gürcüstan ərazisindən keçən qədim İpək Yolu Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin reallaşması nəticəsində “Dəmir İpək Yolu”na çevrilir. Bu beynəlxalq layihənin həyata keçirilməsi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, həmin ölkələrin tranzit imkanlarınının artmasını, Avrasiya materikində vacib nəqliyyat sistemlərinin inteqrasiya proseslərinin və ölkələrarası ticarətin sürətlənməsini təmin edir.
Təbii ki, xalqlarımızın firavanlığı, eləcə də regionda sabitlik bu strateji enerji-kommunikasiya layihələrinin uğurla fəaliyyət göstərməsindən asılıdır. Bu layihələr həm Azərbaycanla Gürcüstanın iqtisadi inkişafında, həm də hər iki ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində həlledici amil hesab olunur.
Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır. Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq özünməxsus xarakter daşıyır və getdikcə yeni müsbət aspektlər əldə edir ki, bu da ölkələrimizin və bütövlükdə regionun rifahı üçün əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “energetika sahəsində iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir”.