ABŞ Qrenlandiyaya qarşı hansı halda hərbi güc tətbiq etməyəcəyini açıqlayıb

Amerika administrasiyası Qrenlandiyanın müstəqillik qazanmasına və sülh yolu ilə Birləşmiş Ştatlara qoşulmasına ümid edir. Vaşinqton bu halda hərbi güc tətbiq etməklə hədələmir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens açıqlama verib.

“Biz inanırıq ki, aşağıdakılar baş verəcək: Qrenlandiya sakinləri öz müqəddəratını təyinetmə yolu ilə Danimarkadan müstəqil olmağa qərar verirlər. Bundan sonra biz Qrenlandiya xalqı ilə danışıqlar aparacağıq. Biz düşünürük ki, bu halda heç vaxt hərbi gücə ehtiyac olmayacaq. Tramp tamamilə inanır ki, Qrenlandiya təkcə ABŞ üçün deyil, bütünlükdə dünya üçün təhlükəsizliyin vacib komponentidir.

Bu baş verməlidir (Birləşmə - Qeyd). Bunun baş verməsinin səbəbi isə budur və mən bunu söyləməyi xoşlamıram: Danimarkadakı dostlarımız bu regionun təhlükəsizliyini qorumaq baxımından öz işlərini görmədilər. Danimarka hakimiyyəti Rusiya və Çinin regiondakı maraqlarını nəzərə alaraq Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmür. Sadəcə bunu etmədilər.

Alternativ nədir? Şimali Atlantikadan imtina etmək? Arktikanı Çin, Rusiya və Amerika xalqının maraqlarını düşünməyən digər rejimlərə vermək? Başqa variantımız yoxdur. Buradakı insanların təhlükəsizliyini təmin etmək, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyada əhəmiyyətli mövqe tutmalıyıq”, - deyə o bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar gələcəkdə Qrenlandiya regionunda hərbi, o cümlədən dəniz qüvvələrini genişləndirmək niyyətindədir: “Lakin Vaşinqtonun indi bu şəkildə hərəkətə başlamaq planı yoxdur. Biz bilirik ki, Rusiya, Çin və digər dövlətlər Arktika dəhlizlərinə və Arktika dəniz yollarına, eləcə də Arktika ərazilərindəki mineral ehtiyatlara böyük maraq göstərirlər. Arktikada Amerikanın liderliyini təmin etməliyik, çünki bilirik ki, Amerika etməsə, digər ölkələr bizim buraxdığımız boşluğu dolduracaq”.