90 dəqiqəlik görüşün təfərrüatı sızdı: Netanyahu Trampa xəritədə Türkiyəni göstərdi!

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Binyamin Netanyahu arasında keçirilən 90 dəqiqəlik görüşün pərdəarxasına dair yeni detallar İsrail mətbuatında yayılıb.

Sherg.az xəbər verir ki, "Times of Israel" nəşrinə danışan yüksəkvəzifəli israilli rəsmiyə görə, görüşün əsas hissəsi İran məsələsinə həsr olunub. Bildirilir ki, Netanyahu Suriyada İsrailin hərbi mövcudluğunu əsaslandırmaq və Trampı öz mövqeyinə inandırmaq üçün xüsusi xəritə təqdim edib.

Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə İsrailin həm Suriyadan, həm də Livandan geri çəkilməsinin vacibliyini vurğulayıb. Netanyahu isə buna cavab olaraq vizual təqdimat hazırlayıb.

İddiaya əsasən, Netanyahu Trampa göstərdiyi xəritədə Türkiyə ilə İsrailin Suriyadakı təsir zonalarını müqayisə edib. O, Türkiyənin Suriya ərazisinin təxminən 5 faizində təsirə malik olduğunu, İsrailin nəzarət etdiyi ərazinin isə cəmi 0,1 faiz təşkil etdiyini bildirərək, İsrailin hərbi mövcudluğunun məhdud olduğunu əsaslandırmağa çalışıb.

Məlumata görə, bu təqdimat Trampın Suriya ilə bağlı mövqeyinə təsir göstərmək məqsədi daşıyıb. Netanyahu tərəfindən Türkiyənin nümunə göstərilməsi isə Ankaranın bölgədəki rolunun Vaşinqton-Təl-Əviv xəttində aparılan müzakirələrin mühüm mövzularından birinə çevrildiyi barədə şərhlərə səbəb olub.

Görüşdə həmçinin İsrailin Livanın cənubundakı hərbi mövcudluğu da müzakirə edilib. İsrailli rəsmi iddia edib ki, Netanyahu bölgədəki İsrail hərbçilərinin sərhədyanı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə yerləşdirildiyini bildirib və bundan sonra Tramp əlavə geriçəkilmə tələbi irəli sürməyib.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin Livanın cənubunda yeni pilot təhlükəsizlik zonalarının yaradılması imkanını nəzərdən keçirdiyi, məsələnin gələn həftə Romada ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək İsrail-Livan danışıqlarında müzakirə olunmasının gözlənildiyi bildirilib.

"Times of Israel" nəşrinə danışan analitiklərin fikrincə, Netanyahunun Trampı inandırmaq üçün hazırladığı təqdimatda Türkiyənin Suriyadakı mövcudluğunu nümunə göstərməsi Ankaranın regional təsirinin beynəlxalq diplomatiyada getdikcə daha çox nəzərə alındığını göstərir.

İsrailli rəsmidən verilən məlumata görə, Türkiyənin Suriyadakı rolu artıq təkcə regional balans baxımından deyil, həm də Vaşinqton və Təl-Əviv arasında aparılan strateji qiymətləndirmələrdə əsas amillərdən biri kimi dəyərləndirilir.