ABŞ-da seçkiöncəsi sorğular: Demokratlar hər iki palatada üstün görünür

ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində ictimai rəy sorğularının nəticələri açıqlanıb. Sorğular həm Nümayəndələr Palatasında, həm də Senatda demokratların üstünlük əldə edə biləcəyini göstərir.

Sherg.az xəbər verir ki, “Real Clear Politics” platformasının ümumiləşdirdiyi sorğu nəticələrinə əsasən, Senatda demokratların 47, respublikaçıların isə 45 yer qazanacağı proqnozlaşdırılır. Səkkiz ştatda isə namizədlər arasında mübarizə başa-baş davam edir.

Respublikaçılar həmin səkkiz yerdən ən azı beşini qazanaraq Senatda 50 yerə çata bilərlər. Bu halda 50-50 hesablı bərabərlik yaranarsa, vitse-prezident Cey Di Vensin həlledici səsi respublikaçıların çoxluğu əldə etməsinə imkan verə bilər.

Nümayəndələr Palatasında isə demokratların mövqeyi daha güclü görünür. Sorğulara əsasən, demokratların 227, respublikaçıların isə 182 yer qazanacağı gözlənilir. Palatada çoxluğu əldə etmək üçün 218 mandat tələb olunur.

Hazırda Senatda respublikaçıların 53, demokratların 45, müstəqillərin isə iki yeri var. Nümayəndələr Palatasında isə respublikaçılar 218, demokratlar 214, müstəqillər bir mandata sahibdir. İki yer hazırda boşdur.