ABŞ Ermənistana hərbi yardımı kəskin şəkildə artırdı

ABŞ 2024-cü maliyyə ilində Ermənistana hərbi maliyyələşdirməni kəskin şəkildə artırıb, ümumilikdə isə 2002-ci ildən etibarən 60 milyon dollardan çox vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ hökumətinin məlumatlarına istinadla bildirib.

ABŞ müharibə nazirinin müavininin köməkçisi Endryu Lumis bildirib ki, Vaşinqton Ermənistan Silahlı Qüvvələrində islahatlara yardım göstərmək üçün öz proqramlarının bütün potensialından istifadə etmək niyyətindədir.

“ABŞ-nin Ermənistana “Foreign Military Financing” (FMF) proqramı çərçivəsində hərbi yardımı hələ 2002-ci ildə başlayıb. Ümumilikdə, 2024-cü maliyyə ilinə qədər Ermənistan üçün ABŞ-nin hərbi maliyyələşdirməsinin ümumi həcmi 60 milyon dolları ötüb”, - məlumatda bildirilib.

Pentaqonun statistikasına əsasən, maliyyələşdirmə 2024-cü maliyyə ilində əhəmiyyətli dərəcədə artıb. Həmin il ABŞ Ermənistana 8,1 milyon dollardan çox vəsait göndərib. 2023-cü ildə bu məbləğ təxminən 16 min dollar, 2022-ci ildə isə təqribən 1,3 milyon dollar təşkil edib. 2025-ci il üzrə məlumatlar hələ dərc olunmayıb.

Ermənistan 2023-2024-cü təqvim illərində təxminən 18 milyon dollar alıb. 2025-ci ilin yanvarında ABŞ Dövlət Departamenti bildirib ki, bu məbləğ FMF çərçivəsində bir sıra layihələrə, o cümlədən hərbi qulluqçuların hazırlanması üçün Milli Təlim Mərkəzinin inkişafına yönəldilib. Bu bildirişdən bir ay əvvəl Pentaqon rəhbəri müvafiq məqsədlər üçün vəsaitlərin əvvəlki iki il ərzində ayrıldığını açıqlamışdı.

Həmin vaxt, 2024-cü ilin dekabrında Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistan-Amerika müdafiə əməkdaşlığında həm Ermənistan Silahlı Qüvvələrinin transformasiyasının həyata keçirilməsinə, həm də ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş istiqamətləri prioritet adlandırmışdı.