- Trampın müharibəni dayandırmaq qərarının arxasında gizlənən səbəb budur
ABŞ hərbçiləri hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatlarının azalması fonunda İranın raket və pilotsuz uçuş aparatlarının qarşısının alınmasına seçici yanaşmağa başlayıblar.
"NBC News" telekanalının ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, bəzi hallarda Amerika hərbçiləri İran tərəfindən buraxılan raket və dronların ABŞ qüvvələrinin yerləşdiyi ərazilərə, mühüm obyektlərə və ya Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə təhlükə yaratmadığını müəyyən etdikdə, onların vurulmasına dair göstəriş verməyiblər. Məlumata görə, bəzi hallarda ABŞ hərbçilərinin ehtimal olunan zərbə nöqtəsində olmadığı ərazilərdə hava hücumundan müdafiə sistemlərinin ekipajları müdaxilə etməyib.
“The Wall Street Journal” nəşrinin məlumatında isə qeyd olunub ki, Donald Tramp “Patriot” raketlərinin ehtiyatının azalmasının qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini təxirə salıb. Nəşrin məlumatına görə, ABŞ hərbi rəhbərliyi də mümkün əməliyyatların raket ehtiyatlarını təhlükəli həddə çatdıra biləcəyi barədə xəbərdarlıq edib.
Mövzunu şərh edən siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a bildirib ki, ABŞ-ın Yaxın Şərqdə istifadə etdiyi hava hücumundan müdafiə sistemləri, xüsusilə də "Patriot" raket kompleksləri üçün sursat ehtiyatlarının azalması Vaşinqtonu hərbi strategiyasına yenidən baxmağa məcbur edir.
Onun sözlərinə görə, İranın buraxdığı hər raketin qarşısını almaq üçün "Patriot" raketindən istifadə olunması həm ehtiyatların sürətlə tükənməsinə, həm də ciddi maliyyə yükünün yaranmasına səbəb olur: Bu raketlərin istehsalı qısa müddətdə mümkün deyil. Məhz buna görə Prezident Donald Tramp hərbi əməliyyatların dayandırılması barədə qərar verdi. İran isə artıq daha uzaqmənzilli raketlərdən istifadə edir və bu, xüsusilə Körfəz ölkələrinin müdafiəsi baxımından ABŞ üçün əlavə çətinliklər yaradır. Onu da deyim ki, İrana qarşı mümkün quru əməliyyatı artıq lokal qarşıdurmadan çıxaraq genişmiqyaslı regional müharibəyə çevrilə bilər. Belə bir ssenari geri dönüşü olmayan prosesə çevrilər. Münaqişənin coğrafiyası genişlənər, İsrail, Körfəz ölkələri və digər regional aktorlar daha fəal şəkildə prosesə cəlb olunar. ABŞ da bunun həm hərbi, həm də iqtisadi nəticələrini nəzərə almağa çalışır."
Ə.Şahidovun sözlərinə görə, ABŞ Dövlət katibi Mark Rubionun Körfəz ölkələrinin Vaşinqtona daha çox maliyyə dəstəyi verməli olduğu barədə açıqlaması da müharibənin yüksək m aliyyətindən xəbər verir: "Artıq ABŞ-ın bu müharibəyə təxminən 40 milyard dollar xərclədiyi bildirilir. Bu isə Amerika cəmiyyətində narazılıq yaradır. İnsanlar ABŞ üçün birbaşa həyati əhəmiyyət daşımayan münaqişəyə bu qədər vəsait və resurs sərf olunmasını dəstəkləmirlər. Bahalı hava hücumundan müdafiə raketlərinin ucuz kamikadze pilotsuz uçuş aparatlarına qarşı istifadəsi uzunmüddətli perspektivdə iqtisadi baxımdan səmərəli deyil. Təxminən 10 min dollar dəyərində olan kamikadze dronu vurmaq üçün qiyməti 1 milyon dollara çatan "Patriot" raketindən istifadə etmək davamlı strategiya sayıla bilməz. ABŞ hazırda ilk növbədə öz hərbi bazalarını və şəxsi heyətini qorumağa çalışır. Bundan əlavə, bu sistemlər eyni vaxtda çoxsaylı raket hücumlarının hamısını zərərsizləşdirmək imkanına malik deyil. Oxşar vəziyyət İsrail-İran qarşıdurması zamanı da müşahidə olunub. Müharibənin ilk günlərində hava hücumundan müdafiə sistemləri buraxılan raketlərin böyük hissəsini məhv edə bilirdi. Lakin döyüşlər uzandıqca həm raket ehtiyatları azaldı, həm də müdafiə sistemlərinin effektivliyi aşağı düşdü. Eyni zamanda İranın raket və pilotsuz uçuş aparatları ehtiyatının tükənmədiyi görünür. Bu səbəbdən ABŞ mövcud sursat ehtiyatından daha qənaətli istifadə etməyə çalışır."