ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL

  • "Amerika Rusiyaya formal sülh bəxş etsə belə, strateji rəqib olaraq qalacaq”

ABŞ prezidenti Donald Trampın vasitəçilik təşəbbüsünə geri dönməsi Rusiya-Ukrayna müharibənin diplomatik yolla tənzimlənəcəyinə inamı artırıb. Sentyabrın 5-dən etibarən ABŞ nümayəndələri 7 bənddən ibarət yeni sülh planı ilə Rusiya və Ukraynaya səfər ediblər.

Nümayəndələrin keçirilən görüşlərlə bağlı qiymətləndirmələri müsbət olsa da, Ukrayna və Rusiya rəsmiləri narazılıqlarını gizlətməyiblər. Rusiya xarici işlər naziri Sergey Lavrov mövcud şəraitdə sülh danışıqlarının konstruktiv aparılmadığını bəyan edib. O, Avropa ölkələrinin Vaşinqtonun səylərinə mane olmağa çalışdığını vurğulayıb. Ukrayna da ABŞ-nin irəli sürdüyü təklifləri birmənalı qarşılamır. Prezident Volodimir Zelenski Vaşintonun planındakı bəzi ideyaların ölkəsi üçün müsbət olduğunu desə də, ukraynalı deputat Anna Skoroxod ABŞ-nin daha ağır sülh şərtləri təklif etdiyini bildirib. Qeyd edək ki, Zelenski sentyabr ayı ərzində Trampla görüş keçirməyi planlaşdırdığını bəyan edib. ABŞ-nin Yaxın Şərqdəki gərginlikləri arxa plana atıb, yenidən Rusiya-Ukrayna müharibəsinə köklənməsi diqqət çəkən digər amillərdəndir. 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, ABŞ-nin vasitəçilik təşəbbüsünə qayıtması təsadüfi deyil:

“Bu təşəbbüsün arxasında dayanan əsas amillərdən biri müvəqqəti atəşkəs əldə etməklə, Rusiyanı Çin və İrandan uzaqlaşdırmaq digəri isə Ukraynaya yenidən qüvvə toplamaq üçün vaxt qazandırmaqdır. Çünki Ukrayna getdikcə tükənir. Ölkənin demoqrafik resursları və silah-sursatı azalıb. Diplomatik manevrlərə əl atan Tramp həm mövqelərini qorumağa, həm də əsl superdövlət lideri kimi vasitəçilik missiyasını uğurla taclandırmağa çalışır. Əgər bu təşəbbüs uğurlu alınarsa, o, İran istiqamətində zədələnmiş imicini bərpa etmiş olacaq. Bununla da "Görürsünüzmü, mən qlobal lider kimi növbəti müharibəni də dayandırdım" arqumentini asanlıqla irəli sürə biləcək. Ancaq bu o demək deyil ki, Rusiya kor-təbii şəkildə Trampın dediklərinə əməl edib, yeddi bənddən ibarət planı qəbul edəcək. Sənəddə Rusiyanın maraqlarına cavab verən məqamlar olsa da, Moskva strateji məsələlərdə nə Çinin, nə də ABŞ-nin diktəsi ilə hərəkət edəcək”. 

Politoloqun sözlərinə görə, Amerika Rusiya-Ukrayna müharibəsinə dair ikibaşlı oyun qurub: 

“Tramp Rusiya-Ukrayna toqquşmasının alovlanmasında bütün məsuliyyəti Co Baydenin üzərinə yıxmağa çalışsa da, əslində müharibənin senari müəllifləri elə amerikalılardır. Vaşinqtonun kölgəsində hərəkət edən Avropa da, illərdir Ukraynanı məqsədyönlü şəkildə bu müharibəyə sürükləyir. Kiyevin əli ilə Rusiyanı zəiflətməyə çalışan Qərb ölkələri, paralel olaraq həm Şərqi, həm də Qərbi Avropada geosiyasi islahatlar aparmağı hədəfləyirdi. İslahatların isə əsas məğzi Almaniyanı Rusiyadan qoparmaq idi. Əvvəllər ucuz Rusiya resursları hesabına sürətlə inkişaf edən Almaniya iqtisadiyyatı artıq bu üstünlüyünü itirib. Çünki tətbiq olunan sərt sanksiyalar Avropanı Rusiya enerjisindən ayırıb. Hal-hazırda ABŞ Konqresində olduqca sərt yeni sanksiyalar paketi hazırlanaraq, ehtiyatda saxlanılıb. Diplomatik missiyanın iflasa uğrayacağı təqdirdə, dağıdıcı sanksiyaların tətbiqi qaçılmaz olacaq”. 

T.Abbasov onu da qeyd edib ki, ABŞ peyk kəşfiyyatı vasitəsilə Moskvanın atdığı hər bir addımı diqqətlə izləyir:

“Mövcud vəziyyətin mahiyyəti ondan ibarətdir ki, Amerika hətta Rusiyaya formal sülh bəxş etsə belə, onun strateji rəqibi olaraq qalacaq. Çünki həm Moskvanın, həm də Pekinin əsas hədəfi məhz Amerikadır. Doğrudur, Vaşinqton hazırda əsas diqqətini Çinlə qarşıdurmaya yönəltdiyi üçün Avropanın və NATO-nun əhəmiyyəti qismən arxa plana keçib. ABŞ artıq yeni müttəfiqlər şəbəkəsinə - Cənubi Koreya, Yaponiya, Filippin, Vyetnam, Avstraliya və Yeni Zelandiyaya güvənir. Bu ölkələrin Çinlə mümkün toqquşmada Vaşinqtonun yanında yer alacağı şübhəsizdir. İndi əsas məsələ ABŞ-nin diplomatik çeviklik nümayiş etdirərək, Rusiyanı 7 bəndlik sülh planına və atəşkəsə razı sala bilib-bilməyəcəyidir”.