ABŞ və İran arasında razılaşma əldə edildi

ABŞ ilə İran arasında hazırlanan anlaşma memorandumu 60 günlük atəşkəsin uzadılmasını, Hörmüz boğazının dərhal yenidən açılmasını və Tehranın öhdəliklərə əməl etmə səviyyəsindən asılı olaraq sanksiyaların mərhələli şəkildə azaldılmasını nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” vasitəçi ölkə və ABŞ rəsmilərinə istinadla bildirib.

“ABŞ və İran sazişin mətni üzrə ortaq məxrəcə gəlsə də, hələ də yekun təsdiqə ehtiyac var”, - rəsmi portala deyib.

“Axios”un yazdığına görə, ilkin razılaşma Qətərin strateji işlər naziri Əli əl-Səvadi ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında aparılan danışıqlar zamanı əldə olunub. Memoranduma əsasən, İran nüvə silahı əldə etməyəcəyini öhdəsinə götürür və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı razılığa gəlməyi qəbul edir.

Yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, müzakirə olunan variantlardan biri uranın zənginləşdirilmə səviyyəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin nəzarəti altında azaldılmasıdır. Amma İranın nüvə öhdəlikləri ikinci, daha əhatətli sazişdə təsbit olunacaq.

“Axios” həmçinin xəbər verib ki, ABŞ, İran və Qətər Tehranın Dohada dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinə humanitar malların alınması məqsədilə çıxış əldə etməsi məsələsini müzakirə edib. Məlumata əsasən, yekun sənəd imzalanacağı təqdirdə Qətər və Pakistanın vasitəçiliyi ilə əldə olunduğuna görə “İslamabad Sazişi” adlandırılacaq.