Aİ Ermənistan-Türkiyə sərhədinə aparan yolların tikintisinə dəstək verəcək

Avropa İttifaqı Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqələrinə aparan yolların tikintisi layihələrinə məsləhət dəstəyi göstərəcək.

Sherg.az xəbər verir ki, bu məqsədlə Brüsseldə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi, Avropa Komissiyası və Avropa İnvestisiya Bankı arasında memorandum imzalanıb.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyanın sözlərinə görə, layihə Axurik-Kayan və Marqara-Kayan istiqamətlərində strateji avtomobil yollarının hazırlanmasını nəzərdə tutur. Bu yollar Türkiyə ilə sərhəddəki buraxılış məntəqələrini Ermənistanın yol şəbəkəsinə birləşdirəcək.

İlkin mərhələdə Avropa İnvestisiya Bankı layihələr üzrə araşdırmaların həcminin müəyyənləşdirilməsi və texniki həllərin hazırlanması üçün Ermənistana məsləhət xidməti göstərəcək.

Qeyd edək ki, layihələr Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsü çərçivəsində həyata keçirilir və regional nəqliyyat əlaqələrinin genişləndirilməsinə xidmət edir. Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildən bağlı qalır və tərəflər arasında diplomatik münasibətlər mövcud deyil.