Almaniya Kansleri Fridrix Merts NATO-nun Avropa istiqamətinin gücləndirilməsinə çalışdıqlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra jurnalistlərə bildirib.
“Ümumilikdə NATO-nu daha çox avropayönümlü etmək istəyirik. Avropalılar NATO çərçivəsində daha çox məsuliyyət götürür, transatlantik tərəfdaşlardan birtərəfli asılılığı azaldırıq”, - Almaniya hökumətinin rəhbəri deyib.
Merts xatırladıb ki, Almaniya 2029-cu ilədək müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,5 faizinə çatdırmağı planlaşdırır:
“Bunu birlikdə reallaşdırırıq. NATO daxilində ayrı-ayrı dövlətlərin birtərəfli addımlar atmasını istəmirik”.
Almaniya hökumətinin iclası ikinci dəfə ölkənin Müdafiə Nazirliyində keçirilib. Gündəlikdə əsasən təhlükəsizlik məsələləri və müdafiə potensialının gücləndirilməsi müzakirə olunub. İclasda qonaq qismində NATO baş katibi Mark Rutte də iştirak edib.