
Anar Kərimovun nazir kimi vəzifədə qalması doğru olmazdı
Anar Kərimovun nazir kimi vəzifədə qalması doğru olmazdı
Aydınxan Əbilov: “Azərbaycanın mədəniyyət naziri sarıdan bəxti heç gətirməyib”
“Ölkə rəhbərliyi səviyyəsində bu sahəyə çox ciddi önəm və dəstək verilir. Lakin rəhbərliyə təyin olunan şəxslərin heç biri ölkə başçısının etimadını doğrulda bilmir”
Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.
Bu vəzifəyə təyin olunmasından heç iki il keçməmiş Anar Kərimovun işdən çıxarılması bir çox suallar yaradıb. Azərbaycanda aparılan kadr islahatları fonunda – 2021-ci il yanvar ayının 5-də Anar Kərimovun mədəniyyət naziri vəzifəsinə təyinatı cəmiyyətimizdə müəyyən ümidlər yaratmışdı. Təəssüf ki, o, bu ümidləri və ona göstərilən etimadı doğrulda bilmədi.
Qısa zaman kəsiyində nazir işləməsinə baxmayaraq, hərəkətləri ilə sənət adamlarının narazılığına səbəb olan nazirin hətta əsas yoxlanmalı yerləri qoyub Azərbaycan Dövlət Kukla Teatrı kimi bir mədəniyyət ocağında yeyinti axtarması gülüşlə qarşılanmışdı.
Qeyd edək ki, Prezident İlham Əliyev Adil Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Adil Kərimliyə həvalə edilib.
Adil Kərimli bu təyinata qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb. 2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.
Həmçinin Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçi qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb. Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub. 1979-cu il təvəllüdlüdür, 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magistr elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Mədəniyyət Nazirliyində gedən prosesləri dəyərləndirən Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydınxan Əbilov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın mədəniyyət naziri sarıdan bəxti heç gətirməyib. Mədəniyyət sahəsinə rəhbərlik edən şəxslər dəyişdirilsə də, bu sahədə mövcud olan heç bir problem həll olunmur:
“Halbuki Azərbaycan dünyada öz mədəniyyəti ilə tanınan xalqlardandır. Bu gün necə ki yəhudi deyiləndə ağıla intellektli bir xalq gəlirsə, azərbaycanlı adı keçəndə də mədəni bir xalq gəlir. Amma nazirlik rəsmiləri bunun əhəmiyyətini və mahiyyətini anlamaq istəmir. Ölkə rəhbərliyi səviyyəsində bu sahəyə çox ciddi önəm və dəstək verilir. Lakin rəhbərliyə təyin olunan şəxslərin heç biri ölkə başçısının etimadını doğrulda bilmir. Ölkə ictimaiyyətinin yeni kadrlara olan etimadına kölgə salan Anar Kərimov sələfinin dövründə nazirlikdə həyata keçirilən həbslərdən nəticə çıxarmalı idi.
O isə gələn kimi peşəkar kadrları işdən azad edib. Onların yerinə isə bu sahədə heç bir təcrübə və qabiliyyəti olmayan şəxsləri təyin etməyə başladı. Onun mədəniyyət sahəsinə rəhbərlik etdiyi iki il ərzində nazirlikdə idarəetmənin keyfiyyəti daha da aşağı düşdü. Və bu səbəbdən ölkənin mədəniyyət sektoru dərin bir boşluq içərisindədir. Nazirliklə bağlı çox ciddi narazılıqlar var. Muzeylərdən belə oğurluqlar olur. Lənkəranda aparılan qazıntı zamanı tapılan alətləri gətirib Hacıqabulda muzeyə qoyurdular. Bu cür dəhşətli faktlar fonunda Anar Kərimovun nazir olaraq qalması doğru olmazdı. Bölgələrdəki mədəniyyət evlərinin fəaliyyətində çox ciddi nöqsanlar var".
Ötən ayın əvvəlində DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatı xatırladan kulturoloq deyib ki, nazirin birinci müavini və digər vəzifəli şəxslər həbs edildi. Bu hadisə ictimaiyyətin gündəmindən düşməmiş nazirlik daha bir biabırçılığa imza atdı. Söhbət Kukla Teatrındakı yoxlamalar və illik planın 50 faiz artırılmasından gedir. Nazir müavininin qiymət artımı ilə bağlı tələbini teatrın direktoru rədd edib deyə, o boyda nazirlik işini-gücünü buraxıb tələm-tələsik yaratdığı komissiyanı Kukla Teatrının işini yoxlamağa göndərdi: “Bütün bunlar isə birbaşa Mədəniyyət naziri Anar Kərimovun yarıtmaz iş prinsipini nümayiş etdirirdi.
Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlər, nəzdindəki İctimai Şuranın fəaliyyətsizliyi, kitabxanaların məhv edilməsi, elektron resurslarımızla bağlı ortaya çıxan problem hər zaman aktualdır. Kinoteatrlarımızda, muzeylərimizdə, teatrlarımızda, mədəniyyət ocaqlarımızda çox dəhşətli hallar mövcuddur.
Biz illərdir bu problemlərin həllini tələb etsək də, heç bir nazirlik rəsmisi səsimizə səs vermədi. Ümid edirəm ki, növbəti təyinatı uğurlu olacaq. Hazırda nazirliyin səlahiyyətlərini icra edən Adil Kərimovun mövcud problemlərin həllində maraqlı olacağını gözləyirik. Anar Kərimovun vəzifədən çıxarılması isə yüksək etimad göstərilən digər məmurlar üçün örnək olmalıdır.
Təəssüflər olsun ki, bir neçə dövlət qurumuna rəhbər təyin edilən gənclər təmsil etdikləri qurumun məsuliyyətini dərk edə, ölkə başçısı tərəfindən onlara yaradılan şəraiti, göstərilən etimadı doğrulda bilmədilər”.