Atəşkəsdə “Hörmüz” dalanı: İran “bağladıq” dedi, ABŞ-dən “açıqdır” mesajı

İran ABŞ-ni öhdəliklərini açıq şəkildə pozmaqda ittiham edərək Hörmüz boğazının bağlandığını elan edib. ABŞ isə boğazın gəmi keçidləri üçün hələ də açıq olduğunu bəyan edib.

Sherg.az xəbər verir ki, İranın Hatemül-Ənbiya Mərkəzi Qərargahının yaydığı son açıqlamada atəşkəsin pozulduğu bildirilib.

Açıqlamada deyilir:

“ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri açıq şəkildə pozması və müharibənin dayandırılması ilə bağlı razılaşmanın birinci maddəsini icra etməməsi, həmçinin İsrailin Cənubi Livanda atəşkəsi davamlı şəkildə pozması, nəticədə yüz minlərlə insanın həlak olması və didərgin düşməsi, eləcə də işğalçı qüvvələrin Cənubi Livan ərazilərindən geri çəkilməməsi səbəbindən Hörmüz boğazının gəmi trafikinə və dəniz nəqliyyatına bağlandığını elan edirik. Bu addım düşmənin öhdəlik pozuntularına veriləcək cavabın ilk mərhələsidir. Hücumlar davam edərsə, əlavə tədbirlər görüləcək.”

İran Xarici İşlər Nazirliyi isə açıqlamasında bildirib:

“İcra olunmayacaq bir saziş imzalamamışıq və yanaşmamız qarşılıqlı öhdəlik prinsipinə əsaslanır. Sionist rejimin Livana qarşı davam edən hücumları atəşkəsin açıq şəkildə pozulmasıdır. ABŞ memorandumda nəzərdə tutulan öhdəlikləri sürətlə yerinə yetirməlidir. Əks halda ciddi problemlərlə üzləşəcək.”

Nazirlik həmçinin ABŞ-nin memorandum üzrə öhdəliklərinin icrasını müzakirə etmək və Vaşinqtonun bu öhdəlikləri necə yerinə yetirəcəyini müəyyənləşdirmək məqsədilə İsveçrəyə nümayəndə heyəti göndərəcəyini açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri də gəmilərə Hörmüz boğazından keçməmələri barədə xəbərdarlıq edib. Bildirilib ki, boğaza yaxınlaşan gəmilərin təhlükəsizliyinə zəmanət verilmir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, İranla danışıqlar bazar günü baş tuta bilər:

“Bir neçə gün ərzində İsveçrəyə getməyi planlaşdırıram. Atəşkəsin davam edəcəyinə əminəm. Danışıqlar yaxşı gedir.”

İranın açıqlamasından qısa müddət sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə paylaşım edərək Hörmüz boğazının açıq olduğunu bəyan edib.

Açıqlamada qeyd olunub ki, 20 iyun tarixinə boğazdan kommersiya gəmilərinin keçidi artaraq davam edir:

“Bu gün 55 kommersiya gəmisi beynəlxalq su yolundan təhlükəsiz keçid edib. Həmin gəmilər qlobal bazarlara böyük həcmdə yük və 17 milyon bareldən çox neft daşıyıb.”

ABŞ ordusu bölgədə təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün fəaliyyətini davam etdirdiyini də vurğulayıb.

İsrailin "Kanal 12" telekanalının məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio yaxın saatlarda İsrailin Baş naziri Benjamin Netanyahu ilə əlaqə saxlayaraq İranla əldə olunmuş atəşkəs çərçivəsində Livanla bağlı ABŞ-nin tələblərini çatdıracaq.

İsrail mətbuatı isə Netanyahu hökumətinin Livanda atəşkəs rejiminə əməl olunması barədə göstəriş verdiyini iddia edib.

Pakistan rəsmiləri ABŞ və İran arasında memorandumun icrası ilə bağlı texniki səviyyəli görüşlərin bazar günü İsveçrənin Burgenştok şəhərində keçiriləcəyini açıqlayıblar.