Azərbaycan demoqrafik və iqtisadi artım, infrastrukturun inkişafı və ərazi planlaşdırılması islahatları ilə bağlı mühüm şəhər transformasiyası proseslərindən keçib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda qeyd edib.
O qeyd edib ki, Yeni Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin ümumi planı və 120-yə yaxın yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanıb:
“Azad edilmiş ərazilərdə icra olunan layihələr, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” prinsipləri nəzərə alınmaqla planlaşdırılmış yaşayış məskənləri, yalnız fiziki bərpa ehtiyaclarını qarşılamır, həm də dayanıqlıq və davamlılıq kimi uzunmüddətli məqsədlərə xidmət edir.
D.Dövlətxanov əlavə edib ki, “Ümumdünya Şəhərsalma Forumu” kimi platformalar bilik mübadiləsi və beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır:
“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında qəbul ediləcək qərarlar şəhərlərin və icmaların gələcəyi ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün mühüm bir fürsətdir. Dayanıqlı urbanizasiya yalnız investisiya və infrastruktur deyil, həm də institusional öyrənmə və uzunmüddətli insan kapitalı inkişafını tələb edir”.