Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla geniş tərkibdə görüşü keçirilib.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.

Görüşdə Azərbaycan-Hindistan münasibətlərinin gündəliyinə daxil olan məsələlər, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq müzakirə olunub.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Ələt Azad İqtisadi Zonasının və digər sənaye zonalarının yaratdığı imkanlar vurğulanıb.

Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər, BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov həmkarına Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və etimad quruculuğu tədbirləri barədə məlumat verib.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, eləcə də davam edən mina təhlükəsi müzakirə olunub.

Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri də nəzərdən keçiriblər.