“Azərbaycanın İslam irsinin qorunmasına əvəzsiz töhfələri var” - İlahiyyatçı

  • Azərbaycan həm ölkə daxilində, həm də qlobal miqyasda İslam mədəniyyət abidələrinin bərpası və mühafizəsində mühüm rol oynayır

Azərbaycan İslam dünyasının zəngin tarixi-mədəni irsinin qorunmasına və İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Ölkənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) çərçivəsində fəaliyyəti, İslam irsinin qorunması ilə bağlı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu istiqamətdə həyata keçirilən əsas təşəbbüslərdəndir. 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Dünya Dini Liderlərinin Sammitlərinin təşkili Azərbaycanın həm İslam ölkələri, həm də müxtəlif dini icmalar arasında dialoqa verdiyi töhfəni nümayiş etdirir.

Bu siyasətin davamı olaraq 2027-ci ildə İƏT-in 16-cı İslam Zirvə Konfransının Bakıda keçirilməsi Azərbaycanın İslam dünyasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində rolunun daha da genişləndiyini göstərir.

İlahiyyatçı Tural İrfan Sherg.az-a bildirib ki, islam coğrafiyasının və mədəniyyətinin bir hissəsi olaraq Azərbaycan hər zaman bu irsə sahib çıxıb, qoruyub:

“Eyni zamanda bu mədəni, mənəvi irsin dünyaya tanıdılmasında mühüm rol oynayıb, yol keçib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İslam dünyasının ayrılmaz bir hissəsi kimi həm milli, həm də beynəlxalq səviyyədə İslam irsinin qorunması və İslam həmrəyliyinin gücləndirilməsinə müstəsna töhfələr verib. Ölkəmizin çoxtərəfli diplomatiyası müsəlman dövlətləri arasında birliyin möhkəmlənməsinə, eləcə də ortaq mədəniyyətin dünyaya tanıdılmasına xidmət edir. Azərbaycanın İslam irsinin qorunub saxlanılmasına əvəzsiz töhfələri var. Azərbaycan həm ölkə daxilində, həm də qlobal miqyasda İslam mədəniyyət abidələrinin bərpası və mühafizəsində mühüm rol oynayır. Ölkə ərazisindəki ən qədim müsəlman ibadətgahlarından olan Şamaxı Cümə Məscidi, Gəncə İmamzadə kompleksi və digər yüzlərlə dini abidə dövlət tərəfindən yüksək səviyyədə bərpa edilib. Erməni vandalizminə məruz qarışmış abidələrimiz hələ də bərpa olunmaqda davam edir. Azad edilmiş ərazilərdə irsin dirçəldilməsi geniş əhatəli şəkildə təşkil olunub. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən dağıdılmış və təhqir olunmuş onlarla məscid və dini-mədəni abidə məsələn, Şuşadakı Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, Ağdam Cümə məscidi və digərləri hazırda dövlət tərəfindən sürətlə yenidən qurulur və tarixi siması bərpa olunur. Bununla yanaşı Heydər Əliyev Fondunun xətti ilə ölkə hüdudlarından kənarda da bir çox İslam mədəni irs nümunələrinin bərpasına, həmçinin müxtəlif ölkələrdə İslam mədəniyyəti sərgilərinin keçirilməsinə böyük dəstək göstərilir”.

İlahiyyatçı qeyd edib ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə qurduğu strateji tərəfdaşlıq İslam aləmində inteqrasiyanı daha da sürətləndirir:

“2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan və 2024-cü ildə Şuşa şəhəri "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilib. Bu statuslar çərçivəsində keçirilən tədbirlər İslam dünyasının mədəni potensialını bütün dünyaya nümayiş etdirib. Azərbaycan ilə ICESCO arasında imzalanmış fəaliyyət planları, o cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə layihələr də icra olunmaqdadır. Həmçinin, Bakıda ICESCO-nun regional ofisinin fəaliyyətə başlaması region ölkələri ilə əlaqələri yeni mərhələyə daşıyır. İƏT və ICESCO Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəkləyib, işğal dövründə İslam irsinin dağıdılması faktlarını qətiyyətlə pisləyən qətnamələr qəbul edib. Azərbaycan isə öz növbəsində İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri üçün təhsil təqaüdləri ayırmaqla humanitar həmrəylik nümayiş etdirib. Azərbaycan İslam birliyini, müsəlman xalqların ortaq mədəni, mənəvi dəyərlərə sadiqliyini vacib hesab etməklə yanaşı bu dəyərlərin gələcək nəsillərə ötürülməsinə və geniş təbliğ olunmasına da səylər göstərir. Keçirilən və keçiriləcək görüşlərin, konfransların da əsas hədəfi bu irsi, bu dəyərləri qorumaq və yaşatmaqdır”.