Mürəkkəb geosiyasi şəraitlərdə belə qonşu ölkələrə dəstək göstərmək, Azərbaycanın dəyişməz dövlət ənənəsinin təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığına əsasən, İran xalqının ehtiyaclarının təmin edilməsi məqsədilə 3-cü dəfə humanitar yardım göndərilib. 10 avtomobillik karvanla yola çıxan yükə, ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə hələ də davam edir. Münaqişə nəticəsində həyatını itirənlərin sayı 1 973 nəfəri keçib. Artıq Cənubi Azərbaycan şəhərləri də intensiv olaraq hücumlara məruz qalır. Ölənlər arasında canı canımızdan olan azərbaycanlı soydaşlarımız da var. Azərbaycan ərazilərinə İran istiqamətindən atılan dronlara baxmayaraq, ölkəmiz humanitar yardımı əsirgəmir. İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə açıqlamasında, Azərbaycanın ölkəyə humanitar yardım göstərən ilk dövlətlərdən biri olduğunu vurğulayaraq, dərin minnətdarlığını ifadə edib.
Məsələ ilə bağlı sabiq deputat, Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlı Sherg.az-a bildirib ki, mürəkkəb geosiyasi şəraitlərdə belə qonşu ölkələrə dəstək göstərmək, Azərbaycanın dəyişməz dövlət ənənəsinin təzahürüdür:
“ABŞ və İsrailin hücumları azərbaycanlılar da daxil olmaqla bütün mülki əhalini ağır itkilərlə üz-üzə qoyur. Lakin oradakı insanların kimliyindən asılı olmayaraq, Azərbaycan hökuməti üçün qonşu ölkəyə humanitar yardım göstərmək qədim və köklü bir ənənədir. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir”.
Sabiq deputatın sözlərinə görə, İran daxilində bizi sevən kütlənin olduğu qədər nifrət bəsləyənlər də var:
“Ölkənin müxtəlif media orqanları və siyasi dairələri illərlə Azərbaycana qarşı soyuq münasibət sərgiləyiblər. Hətta İran rəhbərliyi milli kimliyimizi danaraq azərbaycanlılara, “azəri” və ya digər müxtəlif adlar veriblər. Azərbaycanın güclənməsini istəmədikləri üçün 30 il Ermənistana köməklik göstəriblər”.
S.Rüstəmxanlı vurğulayıb ki, İranın qərəzli siyasi xəttinə baxmayaraq, Azərbaycan höküməti onlara 3-cü dəfə humanitar yardım göndərir:
“Hücuma məruz qalan ölkənin kimliyindən asılı olmayaraq, müharibənin yaratdığı əzabdan əziyyət çəkən insanlar varsa, Azərbaycan humanitar yardım göstərərək həmrəylik və məsuliyyət nümunəsi nümayiş etdirəcək. Digər tərəfdən isə vaxtilə İran Qarabağdan gələn qaçqınlara görə çadır göndərmişdi. Xatirimdədir ki, mən özüm də İranın yardımı ilə qurulan çadır şəhərciyində olmuşdum”.
Sabiq deputat, Azərbaycanın xarici siyasət kursunu yüksək qiymətləndirdiyini bildirib:
“Hər hansı çətinliklərə baxmayaraq, Azərbaycan və İran qonşuluq prinsipləri çərçivəsində normal diplomatik münasibətlərin qurulmasına çalışıblar. Fikrimcə, Azərbaycanın İrana qarşı başlanan münaqişəyə müdaxilə etməməsi çox düzgün addımdır. Azərbaycan müharibəyə qarışmaq əvəzinə humanitar yardım göstərməklə həm insanlığa, həm də regionda sabitliyə verdiyi önəmi nümayiş etdirdi”.