“Bu birliyi pozmaq istəyənlər məyus olacaq”
1992-ci il yanvarın 14-də Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələr yaradılıb. Bu gün 34 ili tamam olan bu münasibətlər ötən müddət ərzində möhtəşəm inkişaf yolu keçib. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini hər zaman ən yüksək səviyyədə dəstəkləyən ölkələr yoxdur. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşadıb.
Türkiyə və Azərbaycan arasındakı əlaqələr 34 illik müstəqillik dövründə dostluq və qardaşlıq prinsiplərinə əsaslanaraq inkişaf edib. Bu münasibətlər tarixi, siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə çoxşaxəli əməkdaşlıqları əhatə edir və hər iki ölkənin regional və qlobal səviyyədə güc mərkəzi kimi mövqeyini gücləndirib.
Qeyd edək ki, 34 il sadəcə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı təqvimin göstəricisidir. Azərbaycan ilə Türkiyə əlaqələri böyük tarixi köklərə söykənir. Ortaq soy, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri daha da birləşdirir. Hər iki ölkə tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini ilk tanıyan, Nuru Paşanın komandanlığı hərbi yardım göstərən məhz Türkiyə olub.
Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsidir. Anadoluda isə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan milli mübarizəyə azərbaycanlılar maddi-mənəvi yardım göstəriblər.
AXC-nin süqutundan sonra münasibətlərdə soyuqluq yaransa da Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. 1992-ci il yanvarın 14-də iki respublika arasında diplomatik əlaqələr yaradılıb. Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb.
Azərbaycan və Türkiyə beynəlxalq arenada bir-birini daim dəstəkləyib. Prezident İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının sammitindəki çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" nitqi, dünyanın bir çox ölkələrinin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, Azərbaycana rəsmi səfəri zamanı Milli Məclisdə söylədiyi "...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq..." fikirlər AzərbaycanTürkiyə qardaşlığının sarsılmaz olduğunu sübut edir.
Azərbaycanın ərazi bütövlüyü məsələsində Türkiyənin dəyişməz dəstəyi, xüsusilə Qarabağ münaqişəsi zamanı, regionda strateji balansın formalaşmasında həlledici rol oynayıb. 2020-ci ildə əldə olunan Zəfərdə müharibə başlayan gündən son günədək Azərbaycanın yanında olan, ona güclü dəstək verən qardaş ölkəmiz - Türkiyənin böyük rolu danılmazdır.
Strateji əməkdaşlıq əlaqələri Strateji Əməkdaşlıq Şurası, Türk Dövlətləri Təşkilatı (TDT) və digər qurumlar çərçivəsində dərinləşdirilib. Bu əməkdaşlıq həm siyasi mövqeyin birləşdirilməsinə, həm də regionda sabitliyin təmin edilməsinə xidmət edir.
2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi” iki ölkə arasında strateji əməkdaşlığın daha yüksək səviyyəyə qaldırıldığını göstərmiş, siyasi, hərbi və iqtisadi sahələrdə ortaq fəaliyyətin gücləndirilməsinə əsas yaradıb. Bu sənəd, həmçinin Azərbaycan və Türkiyənin regional məsələlərdə ortaq mövqedən çıxış etmə və təhlükəsizlik, müdafiə əməkdaşlığını daha da dərindən inteqrasiya etmə niyyətini açıq şəkildə təsdiqləyir.
34 illik əməkdaşlıq dövrü göstərir ki, Azərbaycan və Türkiyə münasibətləri yalnız tarix və mədəniyyətlə bağlı deyil, strateji, iqtisadi və hərbi əməkdaşlıqla da dərinləşmiş, regionda təsir gücünü artırıb. “Şuşa Bəyannaməsi” isə bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə dair ən mühüm göstəricilərdən biridir.
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a açıqlamasında Azərbaycan və Türkiyə münasibətlərinin kökündə qardaşlıq, qan qohumluğu və tarixi dəyərlərin dayandığını deyib. E. Eltürk hesab edir ki, bu gün münasibətlərimiz strateji-hərbi və sosial-iqtisadi səviyyədə də güclənməkdədir:
“İki qardaş ölkənin əlaqələri tarixin ən çətin sınaqlarından üzüağ çıxaraq möhkəmlənib. Bu sarılmaz dayaqlar üzərində qurulan və formalaşan münasibətlərdir. Bu dayaqları zəiflətmək və sıradan çıxartmaq mümkün deyil. Azərbaycanın ilk müstəqilliyini tanıyan dövlət qardaş Türkiyə olub. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayında müstəqilliyini elan edərkən ilk tanıyan Osmanlı dövləti olmuşdur.
Türkiyə cənubi Qafqazda türk dövlətinin var olmasında və güclənməsində maraqlı olub. Eynilə, qardaş Türkiyənin ən çətin vaxtlarında da Azərbaycan yanında olub.
Bu gün iki ölkənin liderləri arasında elə bir səviyyədə münasibətlər mövcuddur ki, buna hansısa xarici qüvvələr xələl gətirə bilməz. Geopolitik münasibətlərdə də birgə addımlar atılır. Rəsmi Bakı, rəsmi Ankara beynəlxalq və regional siyasətdə bir hədəfə vururlar. Beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq formatı mövcuddur.
Bu bəzi qüvvələri narahat etsə belə, yenə də hədəfdən yayındırmır. Ortada əlaqələrin inkişafı üçün real niyyət və istək var”.
Ekspertin sözlərinə görə, 1992 - ci ilin yanvarın 14 - dən başlayan diplomatik əlaqələr "bir millət, iki dövlət" konsepsiyasından güc alaraq "Şuşa Bəyannaməsi"nə qədər yüksəlib: ““Şuşa Bəyannamə”si hər iki qardaş ölkənin strateji və təhlükəsizliyinə qarantiya verən mühüm tarixi sənəddir. Bu sənəd həm də bizim bölgədə birgə maraqlarımızın qorunmasına ehtiva edir. Üstəlik, “Şuşa Bəyannaməsi”ni cənubi Qafqazın sülh və təhlükəsizliyinin təminat verir və güc balansını dəyişir. Bu gün hər iki qardaş ölkə Türk dünyasının birliyi istiqamətində üzərlərinə düşən şərəfli missiyanı uğurlar yerinə yetirirlər. Hazırda dünyada baş verən çətin və mürəkkəb siyasi proseslər bizi bir olmağa məhkum edir”.