Körfəz ölkələrinin etirazı müharibəni daha da alovlandıra bilər
ABŞ, İran və İsrail arasındakı münaqişə Yaxın Şərqi çıxılmaz vəziyyətə gətirib. Fevralın 28-də ABŞ-nin İrana hücumları ilə başlayan müharibə 28 gündür ki, davam edir. ABŞ Prezidenti Donald Tramp, İranın enerji obyektlərinə zərbələri 10 gün müddətinə dayandırdığını açıqlasa da, mətbuatda yer alan məlumatlara görə, Yaxın Şərqə 10 minədək hərbi qüvvə göndərməyi düşünür. Digər tərəfdən isə Vaşinqtonun, Pakistanın vasitəçiliyi ilə İrana 15 maddəlik sülh planı göndərdiyi bildirilir. Məlumata görə, sənəddə İranın raket və nüvə proqramları, eləcə də naviqasiya azadlığı məsələləri yer alır. Trampın ikili mövqeyinə qarşı, rəsmi Tehrandan cavab səngiməyib. Ölkənin xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin regiona hərbi qüvvə göndərdiyi bir vaxtda danışıqlar aparmaq istəyi, Trampın davranışları ilə sözləri arasındakı ziddiyyətin göstəricisidir. Diqqət çəkən digər məqam isə ABŞ liderinin İranla qarşıdurmada, tam qələbə qazandığını elan etməsi oldu. Lakin İran ordusunun ABŞ və İsrailin regiondakı bazalarına zərbələri davam etdirməsi, Trampın “qələbə” şuarını kölgədə qoyur.
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sherg.az-a bildirib ki, hava məkanında dron və raketlərin savaşdığı müharibənin real qalibi olmur:
“Sabah İran da ABŞ kimi özünü qalib elan edə bilər. Heç kim onun qalib olmadığını inkar edə bilməyəcək. Çünki SEPAH, faktiki olaraq 8-ə yaxın Körfəz ölkələrinin ərazisinə hücumlar təşkil edib. Mövcud vəziyyətdə, Trampın dediyi kimi ABŞ-ni qalib ölkə adlandırmaq mümkün deyil. Əvvəllər, Fars körfəzindən keçən digər ölkələrdən ödəniş almayan İran, indi onların pulsuz keçidinə icazə vermir. Müharibə Tehrana əlavə gəlir qapısı açıb. Artıq ABŞ və NATO-nun İraqda yerləşən hərbi bazalarındakı qüvvələri də, oradan çıxmağa başlayıblar”.
Ekspertin sözlərinə görə, Körfəz ölkələrinin etiraz dalğası, eskalasiyanı artıra bilər:
“Çünki Vaşinqton, Yaxın Şərqdə yerləşən hərbi bazalarına görə, Körfəz ölkələrinə təhlükəsizlik zəmanəti vermişdi. Hazırda ərazilərinin İran tərəfindən bombalanması Körfəz ölkələrini ABŞ-nin təhlükəsizlik zəmanətlərini sorğulamağa vadar edib. Əslində, müharibəyə başlamazdan əvvəl Tramp, İranla bağlı məqsədlərini Venesueladakı kimi qısa müddətdə həll etməyi planlayırdı. Lakin planları boşa çıxdı. Hətta ABŞ lideri, dəfələrlə İranın körfəz ölkələrini hədəf alacağını gözləmədiyini bildirib. Artıq o, “məğlub” imici sarsıtmaq üçün vəziyyətdən çıxış yolunu ABŞ-ni “qalib” kimi təqdim etməkdə görür”.
S.Məmməd vurğulayıb ki, İran yalnız ABŞ-nin bölgədəki aviadaşıyıcılarına və İsrail ərazilərinə zərbələr endirməklə kifayətlənmiş olsaydı, çoxdan məğlubiyyətlə üzləşmiş olardı:
“Onun Körfəz ölkələrindəki hərbi bazaları hədəfə alması, müharibədə üstünlük qazanmasına imkan yaratdı. Son zamanlar mediada, ABŞ-nin yerüstü əməliyyatlara hazırlaşdığına dair məlumatlar var. Nəzərə almaq lazımdır ki, quru əməliyyatlarını keçirmək üçün hücum edən tərəf, canlı qüvvə cəhətdən müdafiə olunan tərəfdən 4 dəfə çox olmalıdır. Mövcud vəziyyətdə ABŞ və İsrailin yerüstü əməliyyatlara başlaması üçün qarşısında 4 çətin maneə var. Birinci maneə İraqdır. Çünki İraq daxilində Haşdi Şabi kimi İrana yaxın şiə silahlı qrupları var”.
Ekspert hesab edir ki, ABŞ və İsrail regionda yerüstü əməliyyatlar zamanı proksi qüvvələrin hücumları ilə üzləşə bilərlər:
“İkinci maneə isə Səudiyyə Ərəbistanının müharibəyə qoşulma ehtimalıdır. Səudiyyənin müharibəyə qoşulması, ona nifrət bəsləyən husilərin baş qaldırmasına səbəb olar. Çünki Səudiyyə, 2015-ci ildən Yəməndə husilərə qarşı hərbi koalisiyaya rəhbərlik edib. Hazırda, Husilər Səudiyyə Ərəbistanı hökumətinə xəbərdarlıq edərək, Yaxın Şərqdəki münaqişəyə müdaxilə edəcəklərinə dair bəyanat veriblər. Üçüncü əngəl, Livanda şiə icmasının müdafiəsi uğrunda mübarizə aparan Hizbullahdır. Faktiki olaraq, Hizbullah üzərində bir sıra planlar cızılır. Dördüncü problem isə ABŞ-nin yerüstü əməliyyatlarına cavab olaraq, İranın Küveytə qoşun yeritməsi ehtimalıdır. Bir sözlə, indiki mərhələdə yerüstü əməliyyatın həyata keçirilməsi, ABŞ-ni Yaxın Şərq bataqlığında batıra bilər”.