"Ümumiyyətlə bu iki şəxs Rusiya üçün eyni dərəcədə təhlükəli deyil"
"Nəhayət, qərbli mütəxəssislər təsdiqlədilər ki, Navalnı həbsxanada nadir, Cənubi Amerika mənşəli zəhərlə zəhərlənib. Bu zəhərdən istifadə yalnız Rusiya hökumətinin imkanları daxilində idi".
Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
"Putin Navalnını həmişə “Rusiyanın Saakaşvilisi” adlandırırdı. İvanişvili məndən Putinin Navalnıdan qorxduğundan da çox qorxur, buna görə mən hər şeyə (ölümə) hazıram".
Politoloq Turan Rzayev Mixeil Saakaşvilinin açıqlamasını siyasi ritorika adlandırıb:
“Navalnının həbsxanada nadir və güclü bir zəhərlə zəhərlənməsi faktı Saakaşvilinin sözlərinə sadəcə əlavə çəkicilik verir. Məsələ ondadır ki, Kremlin siyasi opponentlərinə qarşı sərt və bəzən ölümcül addımlar atmaqdan çəkinmir. Lakin bu, o demək deyil ki, Saakaşvili də Navalnın taleyi ilə üzləşəcək. Ümumiyyətlə bu iki şəxs Rusiya üçün eyni dərəcədə təhlükəli deyil. Düzdür, Saakaşvili üçün ölüm riski tamamilə inkar olunmur. Onun keçmiş prezident olması və Rusiya ilə bağlı açıqlamaları onu xüsusilə hədəf halına gətirir, lakin mövcud durumda Saakaşvilini öldürtmək Rusiya üçün xüsusi heçnə vəd etmir. Əgər belə bir hadisə baş verərsə, Gürcüstan-Qərb münasibətlərinə ciddi təsir göstərə bilər. Bu, Vaşinqton və Brüsselin Tbilisi ilə daha sıx siyasi və diplomatik əlaqələr qurmasına, həmçinin Gürcüstanın NATO və Avropa Birliyi ilə inteqrasiyasını sürətləndirməyə səbəb ola bilər. Eyni zamanda, regionda gərginlik artar. Cənubi Qafqaz ölkələri və Türkiyə, Ermənistan və Azərbaycan kimi qonşu dövlətlər də vəziyyətə diqqətlə reaksiya verə bilər. Ona görə belə bir addımın Kreml tərəfindən atılacağını düşünmürəm”.