İran cavab olaraq Dimona Nüvə Mərkəzi vurula bilər
ABŞ-İsrail-İran qarşıdurması idarəolunmaz xarakter almağa başlayıb. İranın martın 11-də ABŞ və onun müttəfiqlərinin Hörmüz boğazında hərəkətinə qadağa qoyması, Donald Trampın sərt qərarına tuş gəldi. ABŞ lideri boğazın 48 saat ərzində açılmayacağı təqdirdə, İrana məxsus enerji obyektlərinə zərbələr endiriləcəyini bildirdi. Daha sonra ani qərar dəyişikliyi ilə Tramp, enerji obyektlərinə zərbələr endirməyi 10 gün müddətinə dayandırdığını elan etdi. Bu gün isə qələbədən bəhs edən ABŞ lideri, İrana məxsus Buşehr Atom Elektrik Stansiyasının adını çəkməklə, regionu qorxuya salıb. Bu stansiya, Yaxın Şərqin ilk nüvə enerji obyektlərindən biridir. Bir müddət əvvəl ABŞ lideri, hərbi qüvvələrinin İranın ən böyük enerji obyektlərindən birini məhv etməyə qadir olduğunu bildirmişdi. O, obyektin adını açıqlamasa da, söhbətin Buşehr Atom Elektrik Stansiyasından getdiyi açıq-aşkar ortadadır.
Stansiyanın hədəfə alınması hansı regional nəticələr doğura bilər?
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sherg.az-a bildirib ki, Buşehr Atom Elektrik Stansiyası, İran və Rusiya üçün olduqca əhəmiyyətlidir:
“Çünki Rusiya və İran, stansiyasının tikintisi və istismarı üzrə strateji tərəfdaşdır. Hətta stansiyada çalışan rusiyalı əməkdaşlarından ibarət heyət, Ermənistan ərazisi vasitəsilə vətənlərinə gətirilib. Martın 3-də Rusiyanın nüvə şirkətinin baş direktoru Aleksey Lixaçov, “Buşehr” Nüvə Elektrik Stansiyasının birbaşa təhdid altında olduğunu vurğulayıb. Əgər ABŞ oranı bombalayarsa, İran da cavab olaraq İsrailin Dimona şəhərindəki atom stansiyasını vura bilər. Vaxtilə İran ordusu Dimonanın ətrafına bir neçə zərbə endirməklə, həmin istiqamətdə təhlükəsizlik boşluğunu sınaqdan keçirmişdi”.
Ekspertin sözlərinə görə, radiasiya sızıntısı regionumuzda ciddi fəsadlara yol açacaq:
“Buşehr Atom Elektrik stansiyasiyasında nüvə yanacağı və radioaktiv materiallar var. Stansiyanın bombalanması nəticəsində havaya sızan radiasiya, ekoloji fəlakətə səbəb ola bilər. İran ərazisi 1 648 195 kvadrat kilometrdir. Yəni, bir atom stansiyasının bombalanması ilə ölkə tamamilə məhv ola bilməz. Lakin İranın Dimona zərbələr endirməsi, regionu zülmətə sürükləyəcək. Hər iki obyektin vurulması Yaxın Şərq regionu ilə yanaşı, Cənubi Qafqaza da mənfi təsir göstərə bilər. Ümid eliyək ki, tərəflər arasındakı münaqişə aviasiya və raket hücumları ilə yekunlaşsın”.