Turan Rzayev: "ABŞ-ın hərbi varlığı və İsrailin tələbləri kompromisi demək olar ki, mümkünsüz edir"
17-18 fevral tarixlərində Cenevrədə keçirilən ABŞ-İran danışıqları diplomatik masada yeni səhifə açmaq əvəzinə, vəziyyəti daha da mürəkkəbləşdirdi. İllərdir ki, nüvə proqramı ətrafında, keçirilən görüşlər tərəflərin zidd mövqeləri səbəbindən nəticə vermir. Cenevrədəki, danışıqlardan bir gün əvvəl, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin bölgədə artan hərbi fəallığına cavab olaraq Hörmüz boğazında hərbi təlimlərə başladı. Danışıqlardan dərhal sonra isə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin Hörmüz üzərində uçuş həyata keçirməsi, bölgədə hərbi aktivliyin intensivləşdiyini göstərdi. Son məlumatlara görə, Vaşinqton Yaxın Şərqə 50 ədəd F-35, F-22 və F-16 qırıcı təyyarəsi göndərib. The Wall Street Journal yazır ki, ABŞ 2003-cü ildə İraqa müdaxilədən bəri bölgəyə ən böyük aviasiya qüvvələrini yerləşdirir. ABŞ mediası Trampın müşavirləri ilə mümkün hücum variantlarını müzakirə etdiyini və 21 fevral şənbə günü səhər saatlarında, əməliyyat keçirəcəklərini yazıb. İran prezidenti Məsud Pezeşkian isə müharibə istəmədiklərini bildirsə də, qarşı tərəfin mümkün hücumlarına, təslim olmayacaqlarını açıqlayıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Cenevrə danışıqları çərçivəsində tərəflərin razılığa gələ bilməməsi, prosesin mürəkkəb və çoxqatlı olduğunu bir daha göstərdi:
“Xüsusilə də İsrailin Baş naziri Benyamin Netanyahunun görüş öncəsi verdiyi sərt bəyanat, müzakirələrin tonunu əvvəlcədən müəyyənləşdirmiş oldu. Netanyahu açıq şəkildə bildirmişdi ki, İranla hər hansı razılaşma, yalnız Təl-Əvivin əsas şərtləri qəbul ediləcəyi təqdirdə mümkündür. Söhbət bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, zənginləşdirmə infrastrukturunun tam sökülməsi, raket proqramının 300 kilometrlik məhdudiyyət çərçivəsinə salınması və Tehranın dəstəklədiyi silahlı qruplaşmalar şəbəkəsinin ləğvindən gedir. Bu tələblər faktiki olaraq İranın hərbi-strateji potensialının əsas sütunlarının sıradan çıxarılması deməkdir. Mövcud reallıq göstərir ki, İsrailin ABŞ üzərindən irəli sürdüyü dörd əsas bənddən yalnız, uranın zənginləşdirilməsinin dayandırılması məsələsi, danışıqlar predmetinə çevrilib. Digər üç bəndin müzakirə gündəminə çıxarılmaması isə tərəflər arasında dərin fikir ayrılığının qalmaqda davam etdiyini göstərir”.
Politoloqun sözlərinə görə, hazırkı mərhələdə razılığın əldə olunması real görünmür:
“Çünki tərəflərin strateji məqsədləri üst-üstə düşmür. Tel-Əvivin yanaşması daha çox təhlükəsizlik arxitekturasının tam dəyişdirilməsinə yönəlib. Bu isə Tehranın qəbul edə biləcəyi çərçivədən xeyli kənara çıxır. Vaşinqtonun danışıqlardan dərhal sonra Yaxın Şərqə əlavə hərbi qüvvə göndərməsi də diqqətdən yayınmır. ABŞ regionda onsuz da geniş hərbi infrastruktur şəbəkəsinə malikdir. Daimi bazalar, müttəfiq ölkələrdə yerləşdirilən hava qüvvələri və Fars körfəzində keçirilən, hərbi təlimlər bu strategiyanın tərkib hissəsidir. İran isə mövqeyini qorumağa çalışır və nüvə proqramının müdafiə xarakterli olduğunu vurğulayır. Tərəflər arasında əvvəllər də nüvə proqramı üzrə razılaşmalar əldə edilib, lakin heç biri uzunmüddətli və davamlı nəticə verməyib. Hazırkı geosiyasi şəraitdə kompromis üçün tərəflərin siyasi iradəsi yetərli görünmür. ABŞ təzyiq alətlərini ölçür, İran müqavimət xəttini saxlayır, İsrail isə maksimal təhlükəsizlik gündəmini önə çəkir. Nəticə etibarilə, yaxın perspektivdə fundamental dönüş gözlənilmir”.
Aybəniz Səfərova