Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb.
"Report"un verdiyi xəbərə görə, saat 17:00-a olan məlumata görə, səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.
Bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edib. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.
08:00
Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) parlament seçkilərində səsvermə başlayıb.
"Report" Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, ölkədə 2 milyon 485 min 851 nəfər səsvermə hüququna malikdir.
Ölkə üzrə 2 min 5 seçki məntəqəsi açılıb. Səsvermə saat 20:00-da başa çatacaq. Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.
Seçkiqabağı kampaniya əhəmiyyətli xarici təsir şəraitində keçib və ekspertlərin qiymətləndirmələrinə görə, bunun əsas mənbəyi Rusiya olub. Ölkənin aidiyyəti qurumları müxalif bloklar və partiyalar tərəfindən seçicilərin ələ alınması cəhdlərini dəfələrlə qeydə alıb.
"GALLUP International Association"ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun məlumatlarına əsasən, opponentlərin 32,4 %-i hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasına səs verməyə hazırdır.