Ermənistan seçkilərində böyük ehtimalla Paşinyan qalib gələcək - Hasan Oktay

Seçkilərdən sonra formalaşacaq siyasi mənzərə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhünün imzalanması istiqamətində yeni imkan və fürsətlər yarada bilər

Ermənistanda keçiriləcək seçkilər Cənubi Qafqazda sülh və normallaşma prosesinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Seçkilərin nəticələri Ermənistanın daxili siyasi kursu ilə yanaşı, Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafına da təsir göstərəcək. Bu səbəbdən regionda və beynəlxalq müstəvidə bütün diqqətlər İrəvanda formalaşacaq yeni siyasi mənzərəyə yönəlib.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-la proqnozlarını bölüşüb: 

"Ermənistan seçkilərində böyük ehtimalla Paşinyan qalib gələcək. Lakin Konstitusiyaya dəyişiklik etmək üçün tələb olunan üçdə iki səs çoxluğunu əldə edə bilməyəcəyi üçün Ermənistanda normallaşma prosesi daha uzun müddətdə baş tutacaq".

Analitik vurğulayıb ki, bir tərəfdən ABŞ və Avropa İttifaqı, digər tərəfdən isə Rusiya Ermənistan seçkilərinin nəticələrinə diqqət yetirir:

"Bu qüvvələr Türkiyənin təzyiqlərini davam etdirməsini arzulayırlar. "Seçkilərdən sonra formalaşacaq siyasi mənzərə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhünün imzalanması istiqamətində yeni imkan və fürsətlər yarada bilər".