CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib

CHP Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclasında iki bələdiyyə sədri barəsində intizam prosesi başlanması qərara alınıb. 

Sherg.az xəbər verir ki, qərarı partiya sözçüsü Müslim Sarı açıqlayıb.

Yüksək İntizam Komitəsinə (YİK) göndərilən adlar bunlardır:

Bolu Bələdiyyə sədri Tanju Özcan və Mezitli Bələdiyyə sədri Ahmet Serkan Tuncer.

Tanju Özcan daha əvvəl “icbar yolu ilə rüşvət alma” istintaqı çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılmış, həmçinin “cinsi təcavüz” ittihamı ilə də gündəmə gəlmişdi.

Ahmet Serkan Tuncer isə bir restoranda baş verən yumruqlu dava zamanı bir nəfəri vurması və sonradan döyülməsi hadisəsi ilə bağlı intizama göndərilib.

Bundan əvvəl də CHP rəhbərliyi aralarında Partiya Məclisi (PM) üzvlərinin də olduğu 9 nəfər barədə xaric etmə tələbi ilə intizam prosesi başladıb. Bu şəxslərin bir qismi Özgür Özələ yaxınlığı ilə tanınır.

Partiya daxilində bu proseslər fonunda bəzi istefalar və vəzifə dəyişiklikləri də gündəmə gəlib. İntizam prosesinin necə nəticələnəcəyi isə Yüksək İntizam Komitəsinin qərarından asılı olacaq.