"Azərbaycanın Ukrayna və Rusiya münaqişəsində birbaşa tərəf olmaması və hər iki ölkə ilə münasibətləri növbəti danışıqlara ev sahibliyi etmək imkanlarını artırır"
"Zelenski bildirib ki, Rusiya razı olarsa, Ukrayna növbəti danışıqların yaxın zamanlarda Azərbaycanda keçirilməsinə hazırdır".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edir. Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin mürəkkəbliyini - tərəflər arasındakı ziddiyyətləri, indiyə qədər keçirilən görüşlərin nəticəsizliyini, həmçinin, müharibə ətrafındakı geosiyasi maraqları nəzərə alanda, Moskva-Kiyev xəttində diplomatik seçimin məhdud olduğu aydın görünür. Bu baxımdan, Bakıda görüş təşkili çətinliklə üzləşir:
"Lakin dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil. Birincisi, Bakının neytral mövqeyidir: Azərbaycanın Ukrayna və Rusiya münaqişəsində birbaşa tərəf olmaması və hər iki ölkə ilə münasibətləri növbəti danışıqlara ev sahibliyi etmək imkanlarını artırır, eləcə də hər iki ölkənin diplomatiyada Azərbaycan seçiminə təsir edir.
İkincisi, Azərbaycanın təcrübəsidir: Bakı indiyə qədər həm qlobal - ABŞ-Rusiya, Rusiya-NATO, həm regional – Türkiyə-İsrail, İsrail-Suriya, problemlərin müzakirəsinə ev sahibliyi edib. Rusiya-Ukrayna münaqişəsində də bu təcrübədən istifadə oluna bilər.
Üçüncüsü, Bakı həm Moskva, həm Kiyev üçün alternativ seçim imkanı yaradır. İndiyə qədər aparılan danışıqlarda tərəflərin ortaq məxrəcə gəlməsini çətinləşdirən amillər təkcə ağır şərtləri yox, həm də iştirakçıların – ABŞ və Avropa ölkələrinin məsələyə geosiyasi maraqlar kontekstində yanaşması olub. Danışıqların neytral Azərbaycana köçürülməsi problemin regional müstəvidə müzakirə edilməsində yeni imkanlar yarada, xüsusilə Bakı və Ankara Moskva-Kiyev xəttində diplomatik həll yollarının tapılmasına töhfə verə bilər".