Ekzit-poll: Paşinyanın partiyası seçkilərdə qələbəyə yaxındır

Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sifarişi ilə aparılan ekzit-pollun nəticələrinə görə, partiya səslərin 56,7 faizini toplayaraq seçkilərdə inamlı üstünlük əldə edib.

Sherg.az xəbər verir ki, məlumata əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi siyasi qüvvə parlamentdə mütləq çoxluq qazanaraq hökuməti təkbaşına formalaşdırmaq imkanını əldə edə bilər.

Sorğunun nəticələrinə görə, ikinci yeri iş adamı Samvel Karapetyan ilə əlaqələndirilən “Güclü Ermənistan” siyasi qüvvəsi tutur. Bu blokun 17,5 faiz səs topladığı bildirilir.

Qeyd edək ki, ekzit-poll nəticələri rəsmi yekun nəticələr hesab edilmir və yalnız seçicilər arasında aparılmış sorğulara əsaslanır. Yekun nəticələr Ermənistanın Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.