Əlavə izahlar və bəhanələr gətirmədən quru sərhədləri açmaq lazımdır - AÇIQLAMA

  • Zəlimxan Məmmədli: "Karantin rejiminin uzadılması nə dövlətçiliyimizə, nə də milli maraqlarımıza cavab verir"

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Pandemiyanın aktiv mərhələsinin bitdiyi, əksər ölkələrin bütün məhdudiyyətləri aradan qaldırdığı və beynəlxalq sərhədlərin çoxdan açıldığı bir dövrdə Azərbaycanda bu rejimin formal şəkildə davam etdirilməsi haqlı olaraq ciddi narazılıq doğurur.

Borçalı İctimai Birliyinin sədri, ictimai- siyasi xadim Zəlimxan Məmmədli Sherg.az-a açıqlamasında bildirib ki, karantin rejiminin uzadılması nə dövlətçiliyimizə, nə də milli maraqlarımıza cavab verir, əksinə təhdid halları üçün əlavə şanslar verir.

Hökumətin 2020-ci ildən etibarən quru sərhədlərinin bağlı saxlanmasını pandemiya təhlükəsizliyi ilə əsaslandırdığını xatırladan Z. Məmmədli qeyd edib ki, formal olaraq bu rejim hələ də “xüsusi karantin rejimi”nin tərkib hissəsi sayılır:

“Lakin pandemiya artıq dünya miqyasında bitmişdir, Gürcüstan, Türkiyə, Rusiya, İran və digər qonşular normal sərhəd rejiminə keçiblər, Azərbaycanda daxili məhdudiyyətlərin əksəriyyəti ləğv olunub. Bu səbəbdən rəsmi izaha inam azalmaqla və real səbəblər daha çox siyasi və təhlükəsizlik yönlü qeyri-rəsmi motivlərlə izah olunur. Quru sərhədlər ən çox gediş-gəlişi asanlaşdırır, insan axınını artırır, ictimai mobilizasiyanı sürətləndirir. Bəzi idarəetmə formalarında isə təəssüf ki, kütləvi sərbəst hərəkət həmişə risk kimi qəbul olunur. Rəsmi dairələrdə açıq deyilməsə də, qeyri-rəsmi olaraq “xarici təsirlər”, “ideoloji sızmalar”, “təxribat riski” kimi arqumentlər zaman-zaman səsləndirilir. Bu yanaşma göstərir ki, sərhəd artıq sanitar yox, ideoloji filtr funksiyası daşımağa başlayıb. Hər kəsə aydındır ki, quru sərhədlər açıldıqda kiçik ticarət canlanır, qeyri-rəsmi iqtisadi dövriyyə artır, monopoliyalar zəifləyir. Bu isə mərkəzləşmiş iqtisadi model üçün arzuolunan deyil. Əgər problem virus idisə toylar niyə keçirilir, stadionlar niyə doludur, təyyarələr niyə uçur, niyə hamı maska taxmır? Deməli, problem virus deyil”.

Gürcüstanın Azərbaycan və Qərb arasında fiziki körpü olduğunu vurğulayan Z. Məmmədli bildirib ki, eyni zamanda müstəqil informasiya axını yoludur, alternativ ticarət və logistik kanaldır, siyasi nəfəs koridorudur: “Gürcüstan istiqaməti bu səbəbdən həssas sayılır. Sərhəddin qapalı qalması minlərlə ailə üzvünün bir-birindən ayrı düşməsinə, tibbi və təhsil məqsədli səfərlərin çətinləşməsinə, region əhalisinin faktiki blokada şəraitində saxlanılmasına səbəb olmaqla ciddi sosial fəsadlara yol açmışdır. Sərhəddin qapalı qalması nəticəsində eyni zamanda, təsir gücü az olmayan iqtisadi fəsadlar yaratmışdır. Belə ki, sərhəd ticarəti iflic olub, Gürcüstan üzərindən ucuz mal gətirən orta təbəqə sıradan çıxıb, turizm sektoru ciddi zərər görüb, regionlarda işsizlik artıb.

Sərhəddin qapalı qalması psixoloji-siyasi fəsadlarla da gündəmdədir. İnsanların sərbəst hərəkəti məhdudlaşıb ki, bu da vətəndaş-dövlət münasibətinə mənfi təsir göstərməkdədir.

Sərhədlə birlikdə regionlar da bağlanır. Qazaxın, Balakənin, Zaqatalanın, Şəkinin, Tovuzun və digər sərhəd rayonları da bu siyasətin ağrılarını yaşamalı olurlar.

Azərbaycan özünü tranzit ölkə, Orta Dəhlizin açar qovşağı, regional lider kimi təqdim etdiyi halda, öz vətəndaşına quru tranziti bağlayır. Bu, ciddi konseptual ziddiyyətdir. Geosiyasi paradoksdur.

Bu qərarın artıq tibbi, hüquqi, rasional təhlükəsizlik əsası demək olar ki, qalmayıb.

Bu daha çox daxili nəzarət refleksinin institusional davamıdır”.

Z. Məmmədli həmçinin qeyd edib ki, əlavə izahlar və bəhanələr gətirmədən quru sərhəddini açmaq haqqında düşünülsə, bu, milli maraqlarımıza uyğun qərar olar”.