Ərdoğan hökumətdə böyük dəyişikliyə gedir - Yola salınacaq nazirlər açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri edə biləcəyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə “Gazete Pencere” məlumat yayıb.

Nəşr Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacırın vəzifəsini itirə biləcəyini yazır. Buna səbəb kimi Çinin avtomobil nəhəngi BYD şirkətinin Manisa vilayətində 1 milyard dollar investisiya ilə elektrik və hibrid avtomobillərin istehsalı zavodunun tikintəsi layihəsinin həyata keçirilməsini dayandırması göstərilir. Zavodun 2026-cı ildə fəaliyyətə başlaması planlaşdırılırdı. Kacırı Müdafiə Sənayesi Departamentinin rəhbəri Haluk Görgün əvəz edə bilər.

Ekologiya naziri Murat Kurumun isə nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlunun əvəzinə bu nazirliyə rəhbərlik edə biləcəyi iddia olunur. Bunun “İstanbul” gəmiçilik kanalının - Bosfor boğazına alternativ olacaq kanal layihəsinin icrası ilə bağlı vəziyyətlə əlaqəli olduğu bildirilir. Kanal layihəsi Ərdoğanın 2011-ci ildə baş nazir olduğu dövrdə elan edilmişdi. Məlumata görə, kanalın tikinti dəyəri 20 milyard dollar təşkil edəcək. Uraloğlu daha əvvəl bildirmişdi ki, Türkiyə layihədən imtina etməyib və maliyyələşmə mənbəyi tapıldıqdan sonra onun həyata keçirilməsinə başlanılacaq.

Həmçinin, ticarət naziri Ömer Bolatın və gənclər və idman naziri Osman Aşkın Bakın da vəzifələrini tərk edə biləcəyi iddia edilsə də, bunun səbəbləri açıqlanmır.

Rəcəb Tayyib Ərdoğan bu ilin fevralında daxili işlər və ədliyyə nazirlərini dəyişib. 2023-cü ildə hökumət formalaşdırıldıqdan sonra hökumətdə bundan başqa ciddi dəyişikliklər olmayıb.