Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm mesajlar verib.
Sherg.az xəbər verir ki, Ərdoğan Rizedə partiyasının toplantısında çıxışı zamanı bildirib ki, bütün təxribat və maneələrə baxmayaraq, proses davam etdiriləcək:
“Yolumuza səbrlə irəliləyəcəyik. Tarix bizdən bunu gözləyir”.
Türkiyə lideri ölkənin terror kimi yarım əsrlik problemdən xilas olaraq birliyini gücləndirməsinin bəzi qüvvələrin planlarını pozduğunu deyib. O, türk, kürd, ərəb, laz olmaqla 86 milyon vətəndaşın birlikdə sülh və rifah içində gələcəyə doğru irəliləməsinə heç kimin mane ola bilməyəcəyini vurğulayıb.
Ərdoğan “Terrorsuz Türkiyə” prosesində parlamentdə 467 səslə geniş razılaşmanın əldə olunduğunu qeyd edərək, terror məsələsinin siyasi polemikaya çevrilməsinin yolverilməz olduğunu bildirib.