Ərəb dünyası üçün Azərbaycan vacib ölkədir

Bu səfər həm də ərəb ölkələri ilə əlaqələr qurmağa çalışan Ermənistana yerinin göstərilməsidir

  Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Dövlət başçısı İlham Əliyev ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşüb. Prezident səfərə dəvətə görə minnətdarlığını bildirib. Həmçinin BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.

Ölkə rəhbərləri Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd ediblər. Regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səyləri vurğulayıblar. Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib. Bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. 

Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib. Tərəflər Azərbaycanla BƏƏ arasında bərpa olunan enerji və iqtisadiyyatın şaxələndirilməsi üzrə digər sahələrdə planlar, konstruktiv birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparıblar. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz növbəsində ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırıb. İşgüzar səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb. Prezident İlham Əliyevin həmkarı ilə görüşü BƏƏ-nin televiziya kanalları tərəfindən də geniş işıqlandırılıb. “Abu Dhabi TV”, “Al Emarat”, “Baynunah”, “Dubai TV”, “Al Dafra” telekanalları dövlət başçılarının müzakirə etdikləri məsələlər haqqında reportajlar yayıblar. Son illərdə Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə ediblər. 

  Millət vəkili, tarixçi-alim Musa Qasımlı vurğulayıb ki, Prezident İlham Əliyevin son zamanlarda ərəb dövlətlərində toplantılara qatılmasının, Birləşmiş Ərəb Əmirliklərinə dəvət olunmasının dərin mənası var. Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, beynəlxalq aləmdə şəxsi nüfuzu yüksək olan Prezident ərəb ölkələrində də arzuolunan və görüşülmək istənilən görkəmli dövlət xadimidir:

 "Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edərək fəaliyyəti ilə təkcə təşkilatın deyil, ona üzv olan dövlətlərin, o cümlədən ərəb ölkələrinin də beynəlxalq çəkisini, dünya siyasətində rolunu artırıb. Bu isə yaradıldığı vaxtdan bəri Qoşulmama Hərəkatının tarixində nadir hadisədir. Ötən ilin sonlarında BMT Təhlükəsizlik Şurasında Fransa və Ermənistanın Azərbaycan əleyhinə hazırladıqları qətnamə layihəsinə veto qoyan dövlətlərdən biri olan BƏƏ və bütövlükdə ərəb dünyası üçün Azərbaycan Respublikası vacib ölkədir. Bu səfər həm də ərəb ölkələri ilə əlaqələr qurmağa çalışan Ermənistana yerinin göstərilməsidir. Azərbaycan olan yerdə Ermənistan ərəb dünyası ilə əlaqələrdə yalnız axırdan birinci yerdə ola bilər. BƏƏ ilə bütün sahələrdə əməkdaşlıq genişləndirilir. Enerji sahəsində əməkdaşlıq ölkəmizdə alternativ enerjnin tətbiqinə və qazdan istifadənin azalmasına, daxildə və ixracatda yeni imkanların yaranmasına gətirəcək. Dünya siyasətində Azərbaycanın yeri daha da möhkəmlənəcək və rolu artacaq". 

  Millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib. Deputat diqqətə çatdırıb ki, Masdarın ev sahibliyi etdiyi tədbirin əsas məqsədlərindən biri "COP27" və "COP28" arasında əlaqənin təmin edilməsi, iqlim dəyişiklikləri, sərmayə və texnologiyaların genişləndirilməsi üzrə əməkdaşlıq platformasının dəstəklənməsidir: 

"Artıq 15 ildir ki, bu tədbir Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) tərəfindən təşkil olunur. 2023-cü ilin ilk beynəlxalq davamlılıq toplantısı olan bu tədbir iqlim dəyişiklikləri və dayanıqlı inkişaf üzrə yüksək səviyyəli müzakirələrin təşkilini reallaşdıracaq. Bütövlükdə, Azərbaycan Prezidentinin BƏƏ-də keçirdiyi ikitərəfli görüşlər və müzakirələr ölkəmizə bərpa olunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək. Bu, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşmasına daha çox investisiya cəlbi də deməkdir".