Məhəmməd Əsədullazadə: AİB Ermənistan iqtisadiyyatını “ayaqda saxlayan” əsas amillərdəndir
Ermənistanın son dövrlərdə həm Avrasiya İqtisadi Birliyi, həm də Avropa İttifaqı ilə paralel şəkildə münasibətləri inkişaf etdirməyə çalışması Rusiya tərəfində ciddi narahatlıq doğurur və rəsmi Moskva bu siyasətə açıq şəkildə etiraz edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avrasiya İqtisadi Birliyi Ermənistanın təşkilat üzvü olaraq eyni zamanda Avropa İttifaqına inteqrasiya hazırlığı aparmasını qəbul etməyəcək. Onun sözlərinə görə, AİB üzvlüyünün üstünlüklərindən yararlanaraq paralel şəkildə başqa iqtisadi bloka yaxınlaşmaq mümkün deyil.
Analitiklər isə hesab edir ki, Ermənistan hakimiyyəti nə qədər manevr etməyə çalışsa da, artıq ölkənin yürüdüyü siyasətin nəticəsində Avrasiya İqtisadi Birliyi daxilində problemlərlə üzləşdiyi açıq görünür.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a Rusiyanın Avrasiya İttifaqı Birliyi çərçivəsində Ermənistana bir sıra güzəştlər tətbiq etdiyini və onların iqtisadi dayanıqlılığını artırdığını bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan üçün ən mühüm üstünlüklərdən biri enerji sahəsində tətbiq edilən qiymət fərqləridir: 
“Rusiya Ermənistana təbii qazı təxminən 165 dollar qiymətinə satır. Dünya bazarında isə bu rəqəm 500–600 dollar civarındadır. Bu fərq Ermənistan iqtisadiyyatı üçün ciddi üstünlük yaradır.
Eyni zamanda AİB çərçivəsində Ermənistan məhsulları Rusiyaya daha asan şərtlərlə, gömrük rüsumu olmadan ixrac olunur. Bu da ölkədəki iş adamları üçün əlavə imkanlar yaradır və iqtisadi aktivliyi artırır. Bütün bu üstünlüklər Ermənistan iqtisadiyyatının müəyyən mənada ayaqda qalmasına dəstək verir”.
Baş nazir Nikol Paşinyanın Avropa ilə inteqrasiya xəttinin Moskva tərəfindən diqqətlə izlənildiyini vurğulayan M. Əsədullazadə qeyd edib ki, seçkilərdə Paşinyanın qələbəsi və Avropaya inteqrasiya yönümlü siyasəti Rusiyada narahatlıq yaradır. Buna görə də Rusiya tərəfi AİB-in Ermənistana verdiyi iqtisadi üstünlükləri daha çox qabardır və bu mexanizmin əhəmiyyətini xatırladır:
“Ermənistan yaxın perspektivdə AİB-dən çıxmağa tələsməyəcək, çünki mövcud iqtisadi faydalar ölkə üçün əhəmiyyətlidir. Düşünürəm ki, Ermənistan AİB-i tərk etməyə tələsmir, çünki iqtisadi baxımdan bu birlikdən ciddi faydalar əldə edir. Lakin siyasi proseslər gələcəkdə daha da mürəkkəbləşə bilər və Ermənistan həm Avrasiya, həm də Avropa istiqamətində balans siyasəti aparmağa davam edəcək. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi lazımdır. Ermənistan artıq Avropa İttifaqına qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ onsuz da aktualdır. Azərbaycan və türkiyə ilə sərhədlər açılandan sonra Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmaq siyasətini davam etdirəcək”. Politoloq qeyd edib ki, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi Birliyində qalıb, həm də Avropaya inteqrasiya etməsi mümkün deyil. Onun sözlərinə görə, Nikol Paşinyan Avrointeqrasiya siyasətini davam etdirəcəyi halda Rusiya Ermənistanı AİB-dən uzaqlaşdıracaq.