- Azərbaycan həbçisinin saxlanılması isə fərqli məsələdir
Ermənistan Milli Təhlükəsizlik Xidməti Tavuş vilayətində aşkarlanan Azərbaycan vətəndaşı Yaşar Əli oğlu Qasımovun Bakıya təhvil verildiyini təsdiqləyib.
Sherg.az-ın məlumatına görə, qurumun yaydığı məlumatda bildirilib ki, Ermənistan ərazisində (Tavuş vilayətində) yolu azaraq aşkarlanan Azərbaycan Respublikasının vətəndaşı Yaşar Əli oğlu Qasımov oktyabrın 24-də Azərbaycana qaytarılıb və ölkənin səlahiyyətli orqanlarına təhvil verilib.
Xatırladaq ki, oktyabrın 21-də Azərbaycan vətəndaşının Tavuş vilayəti istiqamətində sərhədi keçməsi barədə KİV-də məlumat yayılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məlumatı yalnız oktyabrın 22-də rəsmi şəkildə təsdiqləyib. Məlumata görə, oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkarlanıb. Aparılan yoxlama nəticəsində onun yolu azdığı müəyyən edilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlərin görüldüyünü bildirmişdi.
Qeyd edək ki, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında azərbaycanlı çobanın qısa zamanda geri qaytarılacağını və bunun iki dövlətin rəsmi dairələri arasındakı razılaşmaya əsaslandığını demişdi. Xatırladaq ki, oktyabr ayının əvvəlində Azərbaycanın Laçın rayonu istiqamətindən Ermənstan sərhəddini keçən hərbi qulluqçumuz Nəsimi Musayev hələ də girov saxlanılır.
A.Quliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, azaraq Ermənistan sərhəddini keçən çobanın geri qaytarılması müsbət jestdir. Azərbaycan v Ermənistan arasında qiyabi razılaşma var ki belə hallar baş verdikdə, qısa müddətli bir araşdırmadan sonra bu halın həqiqətən də təsadüfən, hər hansı gizli məqsəd daşımadan baş verdiyi təsdiqləndikdə vətəndaşlar qaytarılır. Azərbaycan həbçisinin saxlanılması isə fərqli məsələdir:
- Azərbaycan hərbçisi ilə bağlı məsələnin həlli ləngiyir. Bu da başa düşüləndir. Orada silahlı insident olub. Silahlı insident olmasaydı, o da qısa zamanda qaytarılacaqdı. Mən tanıdığım erməni jurnalistlərlə, ekspertlərlə əlaqə qurub informasya almaq istəmişəm, hadisə hansı şəraitdə baş verib, amma onlarda da informasya tam deyil. “Qırmızı Xaç”ın İrəvandakı ofisinin nümayəndələri də həbçimizlə görüşməyə müvəffəq olmayıblar hələ. Həmin hadisə ilə bağlı qısa video yayılıb, əlavə isə heç bir məlumat verilmir. Ermənistan tərəfi hərbçimizin durumu və onunla bağlı aparılan istintaq işi barədə Azərbaycan tərəfinə informasiya verir. Azərbaycan tərəfindən də Ermənistan tərəfinə bildirilmişdi, xəbər verilmişdi ki, hərbçi silahla tərk edib hərbi hissəni. Hazırda istintaq gedir. İstintaqın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcək.